...

Brüsseldə "Şərq Tərəfdaşlığı" XİN rəhbərlərinin III iclası keçirilib

Siyasət Materials 24 İyul 2012 18:55 (UTC +04:00)
İyulun 23-də Brüsseldə "Şərq Tərəfdaşlığı" xarici işlər nazirlərinin 3-cü iclası keçirilib. İclasda Azərbaycanı xarici işlər nazirinin müavini Mahmud Məmməd-Quliyev təmsil edib.
Brüsseldə "Şərq Tərəfdaşlığı" XİN rəhbərlərinin III iclası keçirilib

Azərbaycan, Bakı, 24 iyul /Trend/

İyulun 23-də Brüsseldə "Şərq Tərəfdaşlığı" xarici işlər nazirlərinin 3-cü iclası keçirilib. İclasda Azərbaycanı xarici işlər nazirinin müavini Mahmud Məmməd-Quliyev təmsil edib.

XİN-in mətbuat xidmətindən çərşənbə axşamı Trend-ə verilən məlumata görə, iclasda Avropa İttifaqına üzv ölkələrin xarici işlər nazirləri, Avropa Komissiyası, Avropa Xarici Fəaliyyət Xidməti, Avropa Sərmayə Bankı, Avropa İttifaqının Regionlar Komitəsi və İqtisadi və Sosial Komitəsi, həmçinin Belarus, Ermənistan, Gürcüstan, Moldova və Ukraynanın xarici işlər nazirləri və "Şərq Tərəfdaşlığı" Vətəndaş Cəmiyyəti Forumunun nümayəndəsi iştirak ediblər. İclasa sədrliyi Aİ-nin xarici əlaqələr və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi xanım Ketrin Eşton edib.

İştirakçılar "Şərq Tərəfdaşlığı"nın hazırkı vəziyyəti, "Şərq Tərəfdaşlı"ğının Varşava Zirvə görüşü sonrası tərəfdaş ölkələrlə münasibətlərdə qeydə alınmış tərəqqi və mövcud problemlər, 2013-cü ildə Vilnüsdə keçiriləcək Zirvə görüşünə qədər "Şərq Tərəfdaşlığı"nın həyata keçirilməsi üzrə "Yol xəritəsi" və onun icrası ilə bağlı məsələlər üzrə fikir mübadiləsi aparıblar.

Avropa İttifaqı ilə tərəfdaş ölkələr arasında münasibətlərin dərinləşməsində və güclənməsində, siyasi assosiasiyanın və iqtisadi inteqrasiyanın sürətlənməsində və tərəfdaş ölkələrdə siyasi və sosial-iqtisadi islahatların dəstəklənməsində "Şərq Tərəfdaşlığı"nın strateji əhəmiyyəti vurğulanıb.

Tərəfdaş ölkələrlə assosiasiya sazişləri üzrə danışıqların uğurla davam etdiyi, eyni zamanda, Azərbaycan da daxil olmaqla aidiyyəti ölkələrlə viza sadələşdirilməsi və readmissiya sazişləri üzrə danışıqların davam etdiyi qeyd olunub.

Bəzi Aİ üzv ölkələrinin xarici işlər nazirləri çıxışları zamanı tərəfdaş ölkələrin ərazisində mövcud olan münaqişələrin həll olunmamasından ciddi narahatlıqlarını ifadə edib və onların dövlətlərin ərazi bütövlüyü və suverenliyi prinsipləri çərçivəsində nizamlanmasının əhəmiyyətini vurğulayıblar.

İclas zamanı Avropa İttifaqı ölkələri ilə viza rejiminin sadələşdirilməsi və təhsil sahəsində əməkdaşlığın təkmilləşdirilməsinin vacibliyi qeyd olunub və Avropa İttifaqının bu sahələrdə ciddi addımların atılması üçün çağırışlar səsləndirilib.

İclasdan sonra genişlənmə və qonşuluq siyasəti üzrə Avropa komissarı Ştefan Fülenin dəvəti üzrə tərəfdaş ölkələrin nümayəndə heyətlərinin başçıları üçün işçi şam yeməyi verilib.

Xəbər lenti

Xəbər lenti