Azərbaycan, Bakı, 31 iyul /Trend, müxbir K.Zərbalıyeva/
Müdafiə Sənayesi Nazirliyinin tabeli müəssisələrində 2012-ci ilin birinci yarısının yekunlarına həsr edilmiş səyyar kollegiya iclasları keçirilib.
Nazirliyin mətbuat xidmətindən Trend-ə daxil olan məlumata görə, iclaslar iyulun 23-31 tarixlərində təşkil edilib.
Nazir Yavər Camalovun sədrliyi ilə keçirilən iclaslarda nazirliyin birlik və müəssisələrinin istehsal, maliyyə-təsərrüfat fəaliyyətlərinin yekunları və qarşıda duran məsələlər geniş müzakirə edilib. Bildirilib ki, aparılan məqsədyönlü işlər nəticəsində hesabat dövründə nazirliyin müəssisələrində müvafiq proqramlar əsasında müdafiə təyinatlı məmulatların yaradılması və istehsalı üçün yeni istehsal sahələrinin yaradılması işləri davam etdirilib.
Hesabat dövründə respublikanın güc strukturlarının sifarişləri üzrə 2012-ci ildə nəzərə tutulan tədbirlərin icrası davam etdirilib, bağlanmış müqavilələr əsasında müdafiə təyinatlı məmulatlar istehsal edilərək sifarişçilərə təhvil verilib. Eləcə də, mülki məmulatların istehsalının genişləndirilməsi üzrə işlər davam etdirilib.
2012-ci ilin birinci yarısında nazirliyin müəssisələrində istehsal olunmuş məhsulların ümumi həcminin 68,3 faizini müdafiə və xüsusi təyinatlı, 31,7 faizini isə mülki təyinatlı məhsullar təşkil edib. Keçən ilin müvafiq dövrü ilə müqayisədə istehsalı mənimsənilmiş müdafiə təyinatlı məmulatların çeşidlərinin sayı 25 faiz artıb.
Müdafiə təyinatlı məmulatların yaradılması üzrə 13 mərhələ yerinə yetirilib, o cümlədən 4 mövzu tam başa çatdırılıb, digər mərhələlər üzrə işlər davam etdirilir.