...

İlham Əliyev Qax rayonunun Güllük kənd sakini üçün yeni tikilmiş fərdi evdə olmuşdur (FOTO)

Siyasət Materials 9 Sentyabr 2012 15:34 (UTC +04:00)
Zaqatala rayonuna səfərini başa çatdıran Prezident İlham Əliyev sentyabrın 9-da Qax rayonuna gəlmişdir.
İlham Əliyev Qax rayonunun Güllük kənd sakini üçün yeni tikilmiş fərdi evdə olmuşdur (FOTO)

Azərbaycan, Bakı, 9 setnyabr /Trend/

Zaqatala rayonuna səfərini başa çatdıran Prezident İlham Əliyev sentyabrın 9-da Qax rayonuna gəlmişdir.

Dövlətimizin başçısı cari il mayın əvvəlində ölkəmizin şimal-qərb bölgəsində baş vermiş zəlzələ nəticəsində evi qəzalı vəziyyətə düşən Qax rayonunun Güllük kənd sakini Abdulla Məmmədov üçün yeni inşa edilmiş fərdi evdə oldu.

Bildirildi ki, Fövqəladə Hallar Nazirliyinin baş vermiş zəlzələ ilə bağlı müvafiq komissiyası tərəfindən Qax rayonunda keçirilən baxış nəticəsində 3 min 336 fərdi evin və 19 sosial obyektin qəzalı vəziyyətdə olmasına dair rəylər verilmişdir. Rayonun Güllük, Qapıçay, Ləkit, Ləkit-Kötüklü, Zərnə və Fıstıqlı kəndlərində 295 fərdi ev sökülmüşdür. Bu evlərdən 266-da tikinti işləri aparılır.

Qeyd edildi ki, zəlzələ Güllük kəndinə daha çox ziyan vurmuşdur. Güclü yeraltı təkanlar nəticəsində bu kənddəki 550-dən çox fərdi evin, demək olar ki, hamısına müxtəlif dərəcədə ziyan dəymişdir. Mayın 9-da Prezident İlham Əliyev zəlzələnin nəticələrinin aradan qaldırılması ilə bağlı görülən işlərlə yerində tanış olmaq üçün fəlakət bölgəsinə səfər edərkən Güllük kəndində də olmuş, zərərçəkən sakinlərlə görüşmüşdü. Təbii fəlakətin törətdiyi fəsadlarla yerində tanış olan dövlətimizin başçısı qəzalı evlərin sökülərək təcili surətdə yenilərinin tikilməsi ilə bağlı aidiyyəti qurumlara müvafiq göstərişlər vermişdi.

Prezident İlham Əliyevə məlumat verildi ki, Fövqəladə Hallar Nazirliyi tərəfindən A.Məmmədov üçün tikilmiş fərdi evin ümumi sahəsi 118 kvadratmetrdir. Beş otaqdan ibarət ikimərtəbəli ev qısa müddətdə, yüksək keyfiyyətlə inşa olunmuşdur. Yeni ev zəruri avadanlıqla təchiz edilmişdir.

Diqqətə çatdırıldı ki, təbii fəlakətin fəsadlarının aradan qaldırılması üçün bütün imkanlar səfərbər edilmişdir. Zəlzələdən ziyan çəkmiş bütün kəndlərdə qısa müddət ərzində yeni gözəl evlər tikilir.

Dövlətimizin başçısı evdə yaradılmış şəraiti yüksək qiymətləndirdi.

Evin sahibi Abdulla Məmmədov ailəsi adından Azərbaycan Prezidentinə göstərdiyi diqqət və qayğıya görə təşəkkür etdi.

Yeni evin sakinləri dövlətimizin başçısı ilə xatirə şəkli çəkdirdilər.

Xəbər lenti

Xəbər lenti