...

Azərbaycanın millət vəkili Avropa Parlamentindəki həmkarlarına müraciət edib

Siyasət Materials 10 Sentyabr 2012 13:50 (UTC +04:00)
Milli Məclisin üzvü, Azərbaycanın Avronest PA-dakı nümayəndə heyətinin rəhbəri Elxan Süleymanov Avropa Parlamentinin üzvlərinə müraciət edib.
Azərbaycanın millət vəkili Avropa Parlamentindəki həmkarlarına müraciət edib

Azərbaycan, Bakı, 10 sentyabr /Trend/

Milli Məclisin üzvü, Azərbaycanın Avronest PA-dakı nümayəndə heyətinin rəhbəri Elxan Süleymanov Avropa Parlamentinin üzvlərinə müraciət edib.

"Diqqətinizi Avropa Parlamentinin prosedurunun mühüm yanlış anlaşılmasına yönəltmək istəyirəm. Daha dəqiq, Strasburqun bu parlament sessiyasına 122-ci qayda olan təcili qətnamələr üçün əslində bu Qaydanın səlahiyyətinə aid olmayan mövzunun seçiminə: Ramil Səfərovun məsələsinə. Cənab Ramil Səfərov Macarıstanda məhkum edilmiş və bütün qanunlar və əsasnamələrə müvafiq olaraq, həmin ölkədə 8 il 6 ay müddətində həbsdə olmuşdur. Sonra o, Məhkum edilmiş şəxslərin Ekstradisiyası barədə Avropa Konvensiyasının müddəalarına tam riayət edilərək, vətəni Azərbaycana ekstradisiya edilmişdir. Orada Azərbaycan Prezidenti öz qanuni və konstitusion səlahiyyətlərindən istifadə edərək və bütün qaydalar və tənzimləmələr əsasında cənab Səfərovun həbs müddətinin kifayət qədər olduğunu hesab edərək, onun barəsində əfv fərmanı vermişdir", - Trend-in məlumatına görə, müraciətdə deyilir.

Millət vəkili müraciətində bildirir ki, həqiqətən bu, mürəkkəb məsələ kimi görünə bilər və həqiqətən də, bəziləri aidiyyəti tərəflərin irəli sürdüyü əsaslarla razılaşmır. Bununla belə, bu məsələdəki heç bir məqam Avropa Parlamentinin Prosedur Qaydalarının 122-ci qaydasının miqyasına uyğun deyildir: "Burada insan hüquqları pozulmamışdır. Cinayət vardı, hökm vardı və qanuni həbs müddəti vardı. Demokratiya qaydaları pozulmamışdır. İki dövlət hər ikisinin iştirakçısı olduğu beynəlxalq konvensiyaya əməl etmək hüquqlarını icra etmişdir. Demokratik yolla seçilmiş prezident öz qanuni səlahiyyətlərindən istifadə etmişdir.

Nəhayət, qanunun aliliyi pozulmamışdır. Hər şey eynilə qanuna tam riayət edilməklə icra olunmuşdur - buna heç bir şübhə ola bilməz - razılaşırsınız ya yox, qanun qanundur.

Bu səbəbdən Avropa Parlamenti və ya daha dəqiq, bəzi üzvlər bununla razılaşmaya bilər, lakin Avropa Parlamenti əvvəlcə və ilk növbədə öz daxili qaydalarına və əsasnamələrinə dəqiq əməl etməlidir".

Daha sonra müraciətdə qeyd olunur:

"Nəticə etibarilə, 122-ci qaydadan danışırıqsa, mən sizlərə Ermənistanın Azərbaycan ərazisinin beşdə birini işğal etməsi faktını, azərbaycanlı qaçqınların hər gün pozulan hüquqlarını, onların erməni qoşunları tərəfindən işğal edilmiş evlərindən zorla çıxarılmalarını, onların təşkilatlanmaq və doğma ərazilərində öz idarəetmələrini seçmək kimi demokratik hüquqlarının pozulmasını, 20 illik müharibə dövründə 20 mindən artıq dinc vətəndaşın həlak olması faktını, nəhayət, Xocalı qətliamını xatırlatmıram. Eyni zamanda mən çox dərin təəssüf və heyrət hissi ilə sizlərə bir daha onu xatırlatmaq istəyirəm ki, Ramil Səfərov etdiyi əmələ görə 8 il 6 ay həbs cəzası çəkdikdən sonra qanuni hüquqi əsaslarla əfv olunduğu halda belə ciddi müzakirə və qınaq obyektinə çevrilir, lakin yaxın bir neçə il ərzində sərhədboyu ərazilərdə içərisində azyaşlı uşaqlar da olmaqla 1250 nəfərdən artıq mülki vətəndaş (diqqət yetirməyiniz vacibdir ki, bunlar zabit və əsgərlər olmamışdır) snayperlərlə qətlə yetirildiyi, 1300 nəfərdən artıq mülki vətəndaş isə yaralandığı halda bu günədək heç bir erməni qatil cəzalandırılmamış və ən dəhşətlisi isə budur ki, Azərbaycana qarşı olan erməni zorakılığına və bu qətllərə heç bir beynəlxalq təşkilat tərəfindən məhəl qoyulmamış, Avropa Parlamenti qanunun aliliyinin pozulmasını tənqid belə etməmişdir. Halbuki, Azərbaycan tərəfi bu qətllərlə bağlı dəfələrlə müxtəlif beynəlxalq təşkilatlar qarşısında ( BMT, ATƏT, AŞ PA, Avropa Parlamenti) təcavüzkarların cəzalandırılması tələbləri ilə çıxış etmişdir.
Sizi ikili standartlar və qeyri-dəqiqlik deyil, Azadlıq və Vəhdət Evinin üzvləri olduğunuzu bir daha nümayiş etdirməyə çağırıram. Sizi cümə axşamı, sentyabrın 13-ü saat 16:00-da qeyri-dəqiq, natamam və yanlış ünvanlanmış sənəd kimi, Ramil Səfərovun məsələsinə dair qətnaməyə qarşı səs verməyə çağırıram".

Xəbər lenti

Xəbər lenti