...

Azərbaycan və Özbəkistan arasında siyasi məsləhətləşmələr keçirilib (FOTO)

Siyasət Materials 17 Sentyabr 2012 20:09 (UTC +04:00)
Bu gün Azərbaycan XİN-də Azərbaycan və Özbəkistan Xarici İşlər nazirlikləri arasında siyasi məsləhətləşmələr keçirilib.
Azərbaycan və Özbəkistan arasında siyasi məsləhətləşmələr keçirilib (FOTO)

Azərbaycan, Bakı, 17 sentyabr /Trend/

Bu gün Azərbaycan XİN-də Azərbaycan və Özbəkistan Xarici İşlər nazirlikləri arasında siyasi məsləhətləşmələr keçirilib.

XİN-in mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, Azərbaycan nümayəndə heyətinə xarici işlər nazirinin müavini Xələf Xələfov, Özbəkistan nümayəndə heyətinə isə bu ölkənin xarici işlər nazirinin müavini Komil Rəşidov başçılıq ediblər.

Görüşdə Xələfov iki ölkə arasında mövcud münasibətlərin yüksək səviyyəsindən məmnunluq ifadə edib. Həmçinin, nazir müavini ölkələrimizin böyük potensiala malik olduğunu nəzərə alaraq, Azərbaycan və Özbəkistan arasında mövcud əməkdaşlığın bir sıra sahələrdə, o cümlədən mədəniyyət, təhsil və humanitar sahələrdə daha da genişləndirilməsinin vacibliyini qeyd edib.

Xələfov Azərbaycanın dinamik şəkildə inkişaf etdiyini, eyni zamanda, Cənubi Qafqaz regionunda aparıcı iqtisadiyyata malik olduğunu bildirib.

Ermənistan-Azərbaycan münaqişəsi haqqında qonağı ətraflı məlumatlandıran nazir müavini, münaqişənin regionda əməkdaşlığa böyük maneə olduğunu qeyd edib və Ermənistanın münaqişənin sülh yolu ilə həlli istiqamətində aparılan danışıqları süni şəkildə uzatmağa çalışdığını bildirib. Mövcud status-kvonun qəbul olunmaz olduğunu qarşı tərəfin diqqətinə çatdıran Xələf Xələfov qeyd edib ki, regionda davamlı sülh və stabilliyin təmin olunması üçün Ermənistan silahlı qüvvələrinin işğal olunmuş Azərbaycan ərazilərindən çıxarılması əsas şərtdir.

Özbəkistanın xarici işlər nazirinin müavini Komil Rəşidov ölkəsinin Ermənistan-Azərbaycan münaqişəsində hər zaman olduğu kimi Azərbaycanın ərazi bütövlüyünü dəstəklədiyini vurğulayıb.

Eyni zamanda, nazir müavini iki ölkə xalqları arasında qardaşlıq münasibətlərini yüksək qiymətləndirdiyini qeyd edib. Azərbaycanda gedən surətli inkişafdan təəssüratlandığını bildirən özbəkistanlı nazir müavini iki ölkə arasında nəqliyyat və infrastruktur, ticarət, enerji, hüquq-mühafizə sahələrində əməkdaşlığın əhəmiyyətini vurğulayıb və ölkəsinin bu əməkdaşlığın daha da gücləndirilməsində maraqlı olduğunu bildirib.

Xəbər lenti

Xəbər lenti