...

Prezident İlham Əliyev: Azərbaycan Fransa şirkətlərinin TANAP layihəsinə cəlb olunmasına tərəfdardır (FOTO)

Siyasət Materials 19 Sentyabr 2012 18:42 (UTC +04:00)
Fransaya işgüzar səfəri çərçivəsində Azərbaycan Prezidenti İlham Əliyev çərşənbə günü Parisdə Fransa Sahibkarlar Təşkilatına – MEDEF-ə üzv olan iş adamları ilə görüşüb.
Prezident İlham Əliyev: Azərbaycan Fransa şirkətlərinin TANAP layihəsinə cəlb olunmasına tərəfdardır (FOTO)

Azərbaycan, Bakı, 19 sentyabr /Trend/

Fransaya işgüzar səfəri çərçivəsində Azərbaycan Prezidenti İlham Əliyev çərşənbə günü Parisdə Fransa Sahibkarlar Təşkilatına - MEDEF-ə üzv olan iş adamları ilə görüşüb.

Dövlətimizin başçısını "MEDEF International"ın rəhbəri Jan Bürel qarşıladı.

Jan Bürel MEDEF-ə üzv olan iş adamları ilə görüşə vaxt ayırdığı üçün Azərbaycan Prezidentinə təşəkkür etdi. Bildirdi ki, görüşdə müxtəlif şirkətləri təmsil edən 60-a yaxın iş adamı iştirak edir.

Tədbirdə çıxış edən Prezident İlham Əliyev bildirdi ki, MEDEF-ə üzv olan iş adamları ilə keçirilən əvvəlki görüşlər Azərbaycan ilə Fransanın aparıcı şirkətləri arasında iqtisadi sahədə güclü tərəfdaşlıq münasibətlərinin yaranmasına mühüm töhfə verib.

Azərbaycan-Fransa iqtisadi əməkdaşlığının sürətlə inkişaf etdiyini deyən dövlətimizin başçısı ölkələrimiz arasında ticarət dövriyyəsinin artdığını bildirdi. İqtisadi əməkdaşlığımızın gələcəkdə daha da şaxələndiriləcəyini söyləyən Prezident İlham Əliyev dedi ki, Fransanın aparıcı "Total" və "GDF-Suez" şirkətləri Azərbaycanın uzunmüddətli tərəfdaşıdır.

Azərbaycanın enerji siyasətinin artıq regionun hüdudlarından kənara çıxdığını vurğulayan Prezident İlham Əliyev qeyd etdi ki, hazırda ölkəmiz Avropanın enerji təhlükəsizliyinin təmin edilməsində tərəfdaşları ilə birgə işləyir. "Azərbaycan nəhəng neft-qaz ehtiyatlarına malik ölkədir", - deyən dövlətimizin başçısı bildirdi ki, ölkəmizin şaxələndirilmiş boru kəmərləri infrastrukturu vardır. Hazırda Azərbaycanın qaz ehtiyatlarını müxtəlif istiqamətlərə ixrac etməyə imkan verəcək yeni boru kəmərlərinin reallaşdırılması üzərində iş gedir. "Enerji təminatı marşrutlarının şaxələndirilməsi bizim üçün mühüm əhəmiyyət kəsb edir", - deyən Prezident İlham Əliyev bildirdi ki, bu sahədə Azərbaycanın maraqları avropalı tərəfdaşların maraqları ilə üst-üstə düşür və bu gün ölkəmiz Avropanın etibarlı tərəfdaşıdır.

Hazırda Azərbaycanın təsdiq olunmuş qaz ehtiyatlarının 2,5 trilyon kubmetrdən çox olduğunu diqqətə çatdıran Prezident İlham Əliyev vurğuladı ki, Azərbaycan Fransa şirkətlərinin də regionun və Avropanın enerji xəritəsini dəyişəcək TANAP layihəsinə cəlb olunmasına tərəfdardır.

Ölkəmizin iqtisadi uğurları haqqında danışan Prezident İlham Əliyev bildirdi ki, Azərbaycan artıq iqtisadiyyatın şaxələndirilməsinə nail olub. Dövlətimizin başçısı bu ilin altı ayı ərzində ölkəmizdə qeyri-enerji sektorunda ümumi daxili məhsulun 10 faiz, ümumiyyətlə, son 8 ildə Azərbaycan iqtisadiyyatının 3 dəfə artdığını diqqətə çatdırdı.

Müzakirələrdə iştirak edən MEDEF-ə üzv olan iş adamları ölkəmizdə gedən iqtisadi proseslər, Azərbaycanın Avropanın enerji təhlükəsizliyinin təminatında oynadığı rol, həyata keçirilən layihələr və digər məsələlərlə bağlı suallarla Prezident İlham Əliyevə müraciət etdilər.

Prezident İlham Əliyev Azərbaycanın iqtisadi prioritetləri, qeyri-neft sektoru, respublikamızda çalışan Fransa şirkətlərinin fəaliyyəti, ölkəmizin regionda hazırkı vəziyyəti və gələcək rolu, enerji, nəqliyyat, səhiyyə, turizm, informasiya və kommunikasiya texnologiyaları, gömrük və digər sahələrdə əməkdaşlıq mövzularında suallara ətraflı cavab verdi.

Qeyd edək ki, MEDEF Fransanın 800 min şirkətinin birləşdiyi bir qurumdur. Bu quruma müxtəlif sahələrdə çalışan şirkətlər, o cümlədən bank sektoru, sığorta, ərzaq sahələri, təyyarə və avtomobil istehsal edən, mühəndislik, kimya texnologiyaları sahələrində ixtisaslaşan şirkətlər daxildir.

Sonda Prezident İlham Əliyev iş adamları ilə bir daha görüşdü.

Xəbər lenti

Xəbər lenti