Azərbaycan, Bakı, 2 oktyabr /Trend/
Avropa İttifaqı (Aİ) Gürcüstanda parlament seçkilərinin yekununa dair siyasi opponentlərin konstruktiv bəyanatlarını alqışlayır. Trend-in RİA Novosti-yə istinadən verdiyi məlumata görə, bu barədə çərşənbə axşamı Aİ-nin diplomatik missiyasının rəhbəri Ketrin Eştonun nümayəndəsi Mayya Kosyançiç bəyan edib.
"Biz seçki məntəqələrinin bağlanmasından dərhal sonra məzmunlu və konstruktiv xarakterli bəyanatlarla çıxış etdiklərinə görə hər iki tərəfi təbrik edirik", - o, Brüsseldə jurnalistlərə deyib.
Kosyançiçin sözlərinə görə, Aİ Gürcüstanla sıx əməkdaşlığı davam etdirmək və bu ölkə ilə siyasi və iqtisadi yaxınlaşma yolu ilə getmək niyyətindədir.
Qeyd edək ki, oktyabrın 1-də Gürcüstanda 14 partiya və iki siyasi blokun iştirak etdiyi parlament seçkiləri keçirilib. Konstitusiyaya dəyişikliklər qüvvəyə mindikdən sonra parlament 2013-cü ildə daha geniş səlahiyyətlər əldə edəcək, dövlət başçısının hüquqları isə azaldılacaq.