Azərbaycan, Bakı, 4 oktyabr /Trend, müxbir A.Tağıyeva/
Bu gün Türkiyə parlamenti Şanlıurfa şəhərinin Suriya ordusu tərəfindən atəşə tutulmasından sonra Suriyaya qarşı transsərhəd hərbi əməliyyatlarla bağlı mandatın verilməsi məsələsini müzakirə edəcək. Trend-in məlumatına görə, bu barədə CNN Turk xəbər verir.
Qeyd edək ki, çərşənbə günü Suriya ərazisindən atılan mərminin Türkiyə ərazinə düşməsi nəticəsində 5 nəfər ölüb. Türkiyə KİV-in məlumatına görə, ərazi Suriyanın hökumət qüvvələri tərəfindən atəşə tutulub.
Türkiyə atəşə cavab olaraq dünən axşam Suriya ərazisinə zərbələr endirib. NATO və BMT Suriyadan Türkiyəyə qarşı istənilən aksiyanı dərhal dayandırmağı tələb edib. Suriya hakimiyyəti həlak olanların ailələrinə başsağlığı verib və insidenti araşdırmağa başlayıb.
Sentyabrın ortalarında da Türkiyə ərazisindəki bir neçə evə Suriya tərəfdən atılan mərmi düşmüşdü. Həmin vaxt üç nəfər yaralanmışdı.