...

Əli Həsənov: Azərbaycan informasiya texnologiyaları sahəsində Şərqi Avropanın ən qabaqcıl ölkələrindən birinə çevrilməkdədir

Siyasət Materials 9 Oktyabr 2012 15:02 (UTC +04:00)
Azərbaycan informasiya texnologiyaları sahəsində nəinki Cənubi Qafqazın, eləcə də post-sovet məkanının, Şərqi Avropanın ən qabaqcıl ölkələrindən birinə çevrilməkdədir.
Əli Həsənov: Azərbaycan informasiya texnologiyaları sahəsində Şərqi Avropanın ən qabaqcıl ölkələrindən birinə çevrilməkdədir

Trend-i buradan izləyin

Azərbaycan, Bakı, 9 sentyabr /Trend, müxbir H.Vəliyev/

Azərbaycan informasiya texnologiyaları sahəsində nəinki Cənubi Qafqazın, eləcə də post-sovet məkanının, Şərqi Avropanın ən qabaqcıl ölkələrindən birinə çevrilməkdədir. Trend-in məlumatına görə, bunu çərşənbə axşamı "Azerfon" şirkətinin ("Nar Mobile" ticarət nişanı) yeni baş ofisinin rəsmi açılış mərasimində çıxışı zamanı Prezident Administrasiyasının İctimai-siyasi məsələlər şöbəsinin müdiri Əli Həsənov deyib.

Həsənov bildirib ki, Azərbaycan iddialı layihə ilə çıxış edərək bu yaxınlarda özünün peyk sisteminin işə salınması üzərində ciddi işlər aparır. PA rəsmisi qeyd edib ki, bir azdan Azərbaycan nəinki vətəndaşlarına, eyni zamanda, bütün Avro-Asiya bölgəsinə kabel, peyk və yayım xidməti göstərəcək.

Onun sözlərinə görə, bu ofisin açılması, Nar Mobile-ın Azərbaycanda cəmi 5 ilə yaxın müddət ərzində fəaliyyət göstərməsinə baxmayaraq, gətirdiyi texnologiyalar onun göstəricisidir ki, Azərbaycan doğru yoldadır, inkişafımız doğru istiqamətdə həyata keçirilir və təməli ümummilli lider Heydər Əliyev tərəfindən qoyulan və bu gün də həmin şəkildə inkişaf edən Azərbaycan qısa bir müddətdə dünyanın ən inkişaf etmiş və ən cəlbedici dövlətlərdən birinə çevrildi.

"Azərbaycan Prezidenti cənab İlham Əliyev dəfələrlə bütün çıxışlarında qeyd edib ki, biz istəyirik ki, Azərbaycan nəinki özünü daxili, xarici, iqtisadi, siyasi və sosial məsələlərdə təmin etsin, vətəndaşlarının ehtiyaclarını qarşılasın, eyni zamanda, biz istəyirik ki, Azərbaycan dünyanın arzu olunan tərədaş, inkişaf etmiş dövlətlərindən birinə çevrilsin və bu gün Nar Mobile-ın ofisinin möhtəşəm açılışı göstərir ki, Azərbaycan doğrudan da dünyanın cəlbedici, inkişaf etmiş, arzu olunan tərəfdaş dövlətlərindən birinə çevrilməkdədir", - Həsənov deyib.

PA rəsmisi deyib ki, bu yaxınlarda keçirilən II Bakı Beynəlxalq Humanitar Forumunda iştirak edən qabaqcıl elm, təhsil, incəsənət, ictimai-siyasi xadimlərin hər biri Azərbaycanın bugünkü inkişafına baxaraq öz heyranlıqlarını gizlətmədilər.

Onun sözlərinə görə, kiçik bir dövlətdə tək mobil operatorun qısa müddətdə bu qədər informasiya texnologiyalarını meydana qoyması və sözün həqiqi mənasında dünya standartlarına yaxınlaşması onun göstəricisidir ki, biz nəinki təkcə mədəni, şəhərimizin vizual görünüşü baxımından, nəinki sosial-iqtisadi, siyasi və digər sahələr baxımından, eyni zamanda, informasiya texnologiyaları baxımından inkişaf etmişik və inkişaf etməkdə davam edəcəyik.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti