Azərbaycan, Bakı, 26 oktyabr /Trend/
Milli Məclisin noyabrın 2-də keçiriləcək iclasında Azərbaycanda son bir ildə insan alverinə qarşı mübarizəyə dair vəziyyət müzakirə ediləcək.
Milli Məclisin mətbuat xidmətindən Trend-ə bildiriblər ki, iclasın gündəliyinə 12 məsələ daxil edilib. İclasda İnsan Alverinə Qarşı Mübarizə üzrə Milli Əlaqələndirici, daxili işlər nazirinin müavini Vilayət Eyvazovun illik məlumatı dinləniləcək.
Bundan başqa, iclasda "Mərkəzi Asiya və Qafqazda balıqçılıq təsərrüfatı və akvakultura sahəsində Regional Komissiya"ya dair Sazişin təsdiq edilməsi haqqında" qanun qəbul olunacaq, Azərbaycan Respublikasının Cinayət, Cinayət Prosessual, Cəzaların İcrası, İnzibati Xətalar məcəllələrinə, habelə "Sərbəst toplaşmaq azadlığı haqqında" Qanuna dəyişiklik ediləcək.
İclasda, həmçinin "Mədəniyyət haqqında" yeni qanunun ikinci oxunuşda müzakirəyə çıxarılacağı da gözlənilir.