Azərbaycan, Bakı, 20 noyabr /Trend, müxbir M.Əliyev/
Milli Məclis Azərbaycan qazının Türkiyədən nəql edilməsi üçün boru kəmərinin inşası barədə sazişləri müzakirə edib.
Trend-in məlumatına görə, parlamentin çərşənbə axşamı keçirilən iclasında Azərbaycan və Türkiyə hökumətləri arasında təbii qazın Türkiyəyə satışı və Azərbaycandan gələn təbii qazın Türkiyənin ərazisindən nəql edilməsi üçün müstəqil boru kəmərinin inşasına dair saziş, həmçinin "Azərbaycan Höküməti və Türkiyə Höküməti arasında Trans-Anadolu təbii qaz boru kəməri sisteminə dair" saziş də ratifikasiya edilib.
Milli Məclisin vitse-spikeri Valeh Ələsgərov layihələr barədə məlumat verərək bildirib ki, bir vaxtlar xaricə çıxış imkanları olmayan Azərbaycan artıq yeddi kəmərlə öz qazını dünya bazarlarına çıxaracaq: "Azərbaycan qazını Avropa bazarlarına çıxarmaq üçün yeni layihələrə ehtiyac var idi. Artıq aparılan danışıqlar nəticəsində yeni qaz kəməri inşa olunacaq".
O deyib ki, Azərbaycanın yeni qaz ehtiyatları kəşf olunduqca və hasilat artdıqca Azərbaycan qazını, o cümlədən Xəzər regionunda olan ölkələrin istehsal etdiyi qazı Avropa bazarlarına çıxara bilən kəmərə ehtiyac duyulur.
"Qazı Avropa bazarına çıxaracaq bir çox layihələrdən danışılırdı. Ancaq heç kimdə cürət və qeyrət çatmırdı ki, nəsə bir iş görsün. Amma Azərbaycan bunu etdi. Azərbaycan qaz kəmərlərini Avropanın qaz kəmərlərinə birləşdirən layihəyə imza atdı", - Ələsgərov qeyd edib.
Müzakirələr zamanı millət vəkili Vahid Əhmədov kəmərlərin keçdiyi ərazilərin Azərbaycan tərəfindən alınması məsələsini təklif edib və qeyd edib ki, bunun üçün Azərbaycanın kifayət qədər imkanı var.
Vitse-spiker bildirib ki, istər BTC, istərsə də qaz kəmərləri keçən ərazilər bu kəmərləri çəkən şirkətlərə məxsusdur və o ərazilərə heç kim müdaxilə edə bilməz.
Dövlət Neft Şirkətinin rəhbəri Rövnəq Abdullayev də müzakirələr zamanı Ələsgərovun dediyi fikri təsdiqləyib və Bakıdan Ceyhana qədər olan boru kəmərlərinin həmin şirkətlərə məxsus olduğunu deyib.
Rövnəq Abdullayev iki dəfə Gürcüstanın Baş naziri Bidzina İvanişivili ilə görüşdüyünü xatırladaraq, onun iki ölkə arasında əməkdaşlığı yüksək qiymətləndirdiyini deyib: "İvanişvili əməkdaşlığın inkişafına tərəfdar olduğunu və bunu öz işi ilə sübut edəcəyini bəyan edib". Abdullayev qeyd edib ki, Gürcüstanda azərbaycanlıların yaşadığı rayonlarda baş verən son kriminal hadisələri sakitləşdirmək üçün Gürcüstan hökuməti 2 həftə vaxt istəyib və həmin rayonlarda bir dənə də olsun kriminal hadisənin baş verməyəcəyinə söz verib.
Spiker Oqtay Əsədov isə bildirib ki, kimlərsə Azərbaycanla Gürcüstan arasında ikitərəfli münasibətləri mürəkkəbləşdirmək istəyir, lakin belə təxribatlara uymaq lazım deyil.