Azərbaycan, Bakı, 28 noyabr /Trend, müxbir M.Əliyev/
Azərbaycan və Latviya arasında iqtisadi, siyasi və humanitar sahələrdə əlaqələrin genişləndirilməsi və inkişaf etdirilməsi üçün kifayət qədər baza var. Trend-in məlumatına görə, bunu Azərbaycan Baş nazirinin müavini Əli Həsənov Latviyanın Müstəqillik Günü ilə əlaqədar Bakıda təşkil olunmuş mərasimdə bildirib.
O qeyd edib ki, hələ Sovet İttifaqı dövründə Sumqayıtdan Latviyaya 6 adda neft-kimya məhsulları göndərilirdi: "Sovet İttifaqı dağılandan sonra isə bu tədarük dayandırıldı".
Həsənov əminliklə bildirib ki, Laviya-Azərbaycan əməkdaşlığı daha da inkişaf edəcək. Hər iki xalqın öz müstəqilliyini ilk dəfə 1918-ci ildə qeyd etdiyini deyən Həsənov xatırladıb ki, hər iki dövlət tarixi müstəqilliyinə yenidən qovuşdular.
Latviyanın Baş naziri Valdis Dombrovskis mərasimdə bildirib ki, bu gün Latviya ilə Azərbaycan arasında hərtərəfli əməkdaşlıq əlaqələri inkişaf edir: "Təkcə siyasi deyil, iqtisadi sahədə də əlaqələrimiz genişlənir və ümid edirəm ki, bundan sonra da inkişaf edəcək".