...

Ramil Usubov AŞ PA Monitorinq Komitəsinin həmməruzəçiləri ilə görüşüb

Siyasət Materials 28 Noyabr 2012 19:35 (UTC +04:00)
Azərbaycanın daxili işlər naziri, general-polkovnik Ramil Usubov Avropa Şurası Parlament Assambleyası (AŞ PA) Monitorinq Komitəsinin Azərbaycan üzrə həmməruzəçiləri Pedro Aqramunt Font de Moranı və Cozef Debono Qrexi qəbul edib.
Ramil Usubov AŞ PA Monitorinq Komitəsinin həmməruzəçiləri ilə görüşüb

Azərbaycan, Bakı, 28 noyabr /Trend/

Azərbaycanın daxili işlər naziri, general-polkovnik Ramil Usubov Avropa Şurası Parlament Assambleyası (AŞ PA) Monitorinq Komitəsinin Azərbaycan üzrə həmməruzəçiləri Pedro Aqramunt Font de Moranı və Cozef Debono Qrexi qəbul edib.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, nazir mövcud kriminogen durum, müstəqilliyin ilk illərində qarşılaşdığımız problemlər, Ermənistanın ölkəmizə təcavüzü nəticəsində torpaqlarımızın işğalı, ulu öndər Heydər Əliyevin xalqın tələbi ilə hakimiyyətə qayıdışından sonra həyata keçiriliən tədbirlər, cəmiyyətin bütün sahələrində, o cümlədən daxili işlər orqanlarında aparılan islahatlar, cinayətkarlıqla mübarizə və ictimai asayişin qorunması sahəsində qazanılan uğurlar, əməliyyat şəraitinin nəzarətdə olması barədə məlumat verib.

Demokratikləşmə və islahatlar prosesinin DİN-dən də yan keçmədiyindən söz açan Usubov ölkəmizin Avropaya inteqrasiya etdiyini, demokratik prinsiplərə söykənən, polisin fəaliyyətini tənzimləyən, insan hüquq və azadlıqlarının önə çəkildiyi yeni qanunların qəbul edildiyini, bu işdə bir sıra inkişaf etmiş dövlətlərin, beynəlxalq təşkilatların ekspertlərinin böyük rolu olduğunu, qanunların icrasına böyük önəm verildiyini diqqətə çatdırıb.

Nazir xüsusilə vurğulayıb ki, DİN-in müvafiq əmri ilə nazirlikdə "İnsan hüquqlarının müdafiəsi üzrə komissiya" yaradılıb, habelə müvafiq olaraq xüsusi tədbirlər planları hazırlanaraq icraya yönəldilib. Qeyd olunub ki, daxili işlər orqanları əməkdaşlarının peşəkarlığının, dünyagörüşünün artırılması, beynəlxalq təcrübədən bəhrələnməsi istiqamətində görülən işlər məqsədyönlü və sistemli şəkildə həyata keçirilir.

Usubov polis əməkdaşları tərəfindən insan və vətəndaş hüquq və azadlıqlarının pozulması barədə vətəndaşlardan və QHT-lərdən daxil olan müraciətlərə DİN rəhbərliyinin xüsusi diqqət yetirdiyini nəzərə çatdırıb. Məhz belə və həssas yanaşmanın və operativ münasibətin göstəricisidir ki, təkcə son 5 ildə vətəndaşlarla kobud rəftar, əsassız gətirmə, saxlama, məsuliyyətə cəlb etmə, qanunsuz axtarış aparma, proses iştirakçıları haqqında müxtəlif hüquqpozmalara, bir sözlə, vətəndaş hüquqlarını pozduqlarına görə 1169 əməkdaş cəzalandırılıb, onlardan 86-sı daxili işlər orqanlarından xaric edilib, 18-i isə cinayət məsuliyyətinə cəlb edilib. Bildirilib ki, polis orqanlarının müvəqqəti saxlama yerlərinin müasir standartlara uyğun yenidən qurulması yönümündə də zəruri tədbirlər görülür. Burada beynəlxalq normalara və standartlara cavab verən şəraitin yaradılması, saxlanılan şəxslərin hüquqlarının təmin olunması məqsədilə 2000-ci ildən indiyədək respublikanın 32 şəhər/rayon polis orqanlarında yeni müvəqqəti saxlama təcridxanaları inşa olunub, 51-də əsaslı təmir işləri aparılıb.

Görüş zamanı, həmçinin ölkəmizdə milli azlıqların hüquqlarının qorunması və korrupsiyaya qarşı mübarizə sahəsində görülmüş işlərə də toxunulub.

Pedro Aqramunt Font de Mora və Cozef Debono Qrex nazirin kriminogen durum və polis fəaliyyətinin daha da təkmilləşdirilməsinə, insan hüquq və azadlıqlarının qorunmasına dair verdiyi geniş və ətraflı məlumatın onların bir çox suallarını cavablandırdığını bildiriblər.

Görüşdə tərəfləri maraqlandıran bir sıra digər məsələlər barəsində də fikir mübadiləsi aparılıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti