...

Ukrayna Ali Radası azərbaycanlıları təhqir edən deputatın məsələsinə baxacaq

Siyasət Materials 11 Dekabr 2012 10:18 (UTC +04:00)

Azərbaycan, Bakı, 11 dekabr /Trend, müxbir M.Əliyev/

Ukrayna Ali Radasının Reqlament komitəsi azərbaycanlıları təhqir edən deputat Fyodor Neqoyla bağlı məsələyə baxacaq.

Ukrayna Azərbaycanlıları Konqresindən (UAK) çərşənbə axşamı Trend-ə bildiriblər ki, bu məsələ Ukraynanın paytaxtı Kiyevdə İnsan Haqları Gününə həsr olunmuş "Nasizmsiz dünyanın təməli" mövzusunda "dəyirmi masa"da müzakirəyə çıxarılıb.

Qeyd edək ki, Ukraynanın Xerson vilayətindən deputat seçilən Fyodor Neqoy ötən həftə çıxışlarının birində bəyan edib ki, Ukrayna bazarlarında çalışan azərbaycanlılar və gürcülər guya "Ukrayna dövləti üçün xərçəng yarasıdır".

Ukrayna Diplomatik Akademiyasında təşkil olunan "dəyirmi masa"da UAK sədri Rövşən Tağıyev diqqəti qeyd olunan məsələyə yönəldib. O Ukrayna ictimaiyyətindən və dövlət qurumlarından Ali Radanın deputatı Fyodor Neqoy barədə ciddi tədbirlərin görülməsini tələb edib. Tağıyev qeyd edib ki, millət vəkilinin bu xarakterli çıxışlar etməsi yolverilməzdir və bunun qarşısı alınmalıdır. UAK sədri Ukrayna ictimaiyyətini və dövlət strukturlarını belə hallarla mübarizədə qəti addımlar atmağa çağırıb. "Ukraynada ksenofobiya problemi mövcud deyil və bu ölkə MDB məkanında daim tolrantlığın yüksək səviyyədə olması ilə seçilir", - o deyib.

Tağyevin çıxışını dəstəkləyən deputat Valeriy Bondik tədbir iştirakçılarını əmin edib ki, Neqoyun səsləndirdiyi fikirlərlə bağlı məsələ Ukrayna Ali Radasının Reqlament komitəsinin gündəliyinə daxil ediləcək.

Görüşdə iştirak edən "Nasizmsiz dünya" beynəlxalq hüquq-müdafiə təşkilatının nümayəndəsi bu məsələnin təmsil etdiyi qurumun Strasburqda yerləşən mərkəzi qərargahına göndəriləcəyini və deputatın əsassız çıxışı ilə bağlı qərar qəbul olunacağını vurğulayıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti