Azərbaycan, Bakı, 17 dekabr /Trend, müxbir E.Tariverdiyeva/
Azərbaycan və Avropa İttifaqı (Aİ) arasında ənənəvi yaxşı və sıx əməkdaşlıq mövcuddur. Trend-in məlumatına görə, bu barədə bazar ertəsi Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov Azərbaycan-Aİ Əməkdaşlıq Şurasının 13-cü iclası ərəfəsində "EU Reporter"ə müsahibəsində deyib.
"Biz Aİ-Azərbaycan Şurasının növbəti illik görüşünü keçiririk. Bu, Aİ ölkələri ilə ənənəvi görüşdür və bu dəfə Şura təkcə Azərbaycan ilə deyil, həmçinin Gürcüstan və Ermənistan ilə keçirilir", - nazir bildirib.
Onun sözlərinə görə, Azərbaycan və Aİ bəzi məsələlərə dair müsbət nəticələr əldə ediblər, digər məsələlər üzrə nəticələr isə danışıqlar zamanı əldə olunacaq.
Məmmədyarov deyib ki, Şura zamanı danışıqlarda hərbi-siyasi, təhlükəsizlik elementləri, iqtisadi inkişaf, enerji, insan haqları və demokratiyanın qurulması məsələlərinə toxunulub.
"Bu məsələlərin hamısı, həmçinin viza rejiminin sadələşdirilməsi Aİ ilə daimi dialoqumuzun bir hissəsidir. Viza rejiminin sadələşdirilməsi üzrə danışıqların sonuncu raundu Bakıda keçirilib və biz növbəti raundun Brüsseldə keçirilməsi barədə razılıq əldə etdik. Çox güman ki, danışıqların növbəti raundu gələn ilin birinci rübündə baş tutacaq", - nazir qeyd edib.
Məmmədyarovun sözlərinə görə, tərəflər bu məsələyə dair irəliləyiş əldə ediblər.
"Viza rejiminin sadələşdirilməsindən əlavə, daha bir neçə, xüsusilə readmissiyalar haqqında məsələ mövcuddur. Lakin mən inanıram ki, gələn il danışıqların sonuncu raundu keçiriləcək", - nazir deyib.
Məmmədyarov müsahibəsində, həmçinin Aİ ilə enerji sahəsində əməkdaşlıq mövzusuna toxunub.
"Enerji layihələri məsələsinin siyasiləşdirilməsi xoşuma gəlmir, lakin başa düşürəm ki, enerji siyasətin bir hissəsidir", - nazir bildirib.
Onun sözlərinə görə, Xəzərin Azərbaycan sektorundan tədarük ediləcək qaz həcmi "Cənub axını" üzrə nəql edilən qazın həcmindən xeyli az olacaq, çünki bu layihə, məsələn, TANAP-dan olduqca iridir.
Nazir vurğulayıb ki, "Nabukko", gələn il həllini tapacaq daha bir intriqadır, çünki Azərbaycandan Avropaya qazın hansı istiqamətdə tədarük ediləcəyinə dair daha iki variant var.
"Birinci istiqamət Baumqartenədək (Avstriya) olan "Nabucco West", digəri isə İtaliyaya gedəcək TAP-dır", - o bildirib.
Məmmədyarov qeyd edib ki, qərar konsorsiuma daxil olan şirkətlər tərəfindən gələn il qəbul ediləcək.
Onun sözlərinə görə, enerji Aİ-Azərbaycan əməkdaşlığının əsas elementidir.
"Avropa Komissiyasının prezidenti Joze Manuel Barrozo Bakıda olub. Biz Azərbaycan Prezidenti İlham Əliyev və prezident Barrozo səviyyəsində "Cənub dəhlizi" layihəsi və enerji əməkdaşlığının dəstəklənməsinə dair Aİ və Azərbaycan arasında strateji tərəfdaşlıq haqqında vacib sənəd imzaladıq", - nazir xatırladıb.
Onun sözlərinə görə, təkcə enerji layihələri deyil, ümumilikdə regionun inkişafı, Azərbaycan və Aİ-nin strateji əməkdaşlığı ölkə və Aİ, eləcə də təşkilatın üzvləri üçün vacib ola bilər.
"Avropa Komissiyası ilə danışıqlar davam edir və TANAP üzrə saziş imzalandıqdan sonra başa düşürük ki, Xəzər dənizindən təbii qaz 2018-ci ilə Avropa sərhədlərinə, Bolqarıstana çatacaq", - nazir qeyd edib.