...

“Azərbaycan 2013: yeni hədəflər, yeni zəfərlər” mövzusunda konfrans keçirilib (FOTO)

Siyasət Materials 24 Dekabr 2012 13:27 (UTC +04:00)

Azərbaycan, Bakı, 24 dekabr /Trend, müxbir E.Mehdiyev/

Dekabrın 24-də Yeni Azərbaycan Partiyasının (YAP) təşkilatçılığı ilə "Azərbaycan 2013: yeni hədəflər, yeni zəfərlər" mövzusunda konfrans öz işinə başlayıb.

Trend-in məlumatına görə, dövlət və hökumət rəsmilərinin, Milli Məclisin deputatlarının, diplomatik və digər beynəlxalq təşkilatların nümayəndələrinin iştirak etdiyi tədbirdə Azərbaycanın müstəqillik illərində keçdiyi şərəfli yollara nəzər salınıb, qarşıda duran vəzifələr və yeni hədəflər barədə məruzələr dinlənilib.

Konfransı giriş sözü ilə açan YAP-ın sədr müavini, icra katibi Əli Əhmədov 2012-ci ilin xalqımız və dövlətimiz üçün uğurlu bir il olduğunu bildirib. Əhmədov bu il ərzində bütün istiqamətlərdə böyük nailiyyətlər əldə edildiyini deyib. O, bildirib ki, Azərbaycan 2013-cü ilə də uğurla qədəm qoyur.

Azərbaycanın mövqeyinin 2012-ci ildə dünyada daha da möhkəmləndiyini qeyd edən Əhmədov Prezident İlham Əliyevi doğum günü münasibəti ilə təbrik edib.

YAP funksioneri deyib ki, bu il bütün sahələrdə çox əhəmiyyətli nailiyyətlər əldə olunub.

"2012-ci ildə də biz bir növ əvvəlki illərdən adət etdiyimiz yüksəlişin, tərəqqinin və inkişafın şahidi olmuşuq və bu ab-hava ilə də 2013-cü ilə daxil oluruq. 2013-cü ildə də Prezident İlham Əliyevin rəhbərliyi altında Azərbaycan dövlətinə böyük töhfələr veriləcək", - Əhmədov qeyd edib.

YAP rəsmisi xatırladıb ki, 2013-cü ildə prezident seçkiləri keçiriləcək.

"Prezident seçkiləri ilə bağlı Azərbaycan xalqının rəyi, mövqeyi müəyyəndir. Azərbaycan xalqı İlham Əliyevdən başqa namizəd görmür. 2013-cü ildə İlham Əliyev və onun namizədliyini irəli sürən Yeni Azərbaycan Partiyası qələbə qazanacaq", - Əhmədov bildirib.

Konfransda çıxış edən Baş nazirin birinci müavini Yaqub Eyyubov Prezident İlham Əliyevin rəhbərliyi ilə ölkədə həyata keçirilən sosial-iqtisadi islahatlar barədə ətraflı məlumat verib. Bildirib ki, əsası ulu öndər Heydər Əliyev tərəfindən qoyulmuş siyasətin Prezident İlham Əliyev tərəfindən uğurla, elmi əsaslara söykənən dəqiq proqnozlar əsasında davam etdirilməsi öz müsbət nəticələrini verir. Bu gün Azərbaycan regionun lider ölkəsi olmaqla dünyanın aparıcı dövlətləri sırasında öz mövqelərini daha da möhkəmləndirib.

Milli Məclisin birinci vitse-spikeri Ziyafət Əsgərov tədbirdəki çıxışında Prezident İlham Əliyevin rəhbərliyi ilə ölkədə bütün istiqamətdə aparılan islahatlar və əldə olunan nailiyyətlərdən danışıb.

Əsgərov ümummilli lider Heydər Əliyevin Azərbaycan dövlətçiliyinin qorunması və inkişafında əvəzsiz xidmətləri olduğunu bildirib. Qeyd edib ki, bu siyasət bu gün
böyük uğurla Prezident İlham Əliyev tərəfindən davam etdirilir. Dövlət başçısının qısa müddətdə həyata keçirdiyi düzgün siyast Azərbaycanı təkcə regionda deyil, bütün dünyada sayılıb-seçilən dövlətə çevirib.

"Azərbaycan Avropanın enerji təminatçısına çevrilib. Dövlət müstəqilliyinin qorunması, vətəndaşların rifah halının yüksəldilməsi İlham Əliyevin həyata keçirdiyi uğurlu iqtisadi strategiya nəticəsində mümkün olub. Hüquqi, demokratik, dünyəvi dövlət quruculuğu, vətəndaş cəmiyyətinin formalaşdırılması, insan hüquqlarının müdafiəsi
sahələrində uğurlar əldə olunub. Cənubi Qafqazda Azərbaycanın iqtisadi payı 80 faizə çatıb. Bu da Azərbaycanı regionun lider dövlətinə çevirib. Prezidentin həyata keçirdiyi neft strategiyası nəticəsində Azərbaycan rəqabətədavamlı və ixracatçı ölkəyə çevrilib", - I vitse-spiker deyib.

Onun sözlərinə görə, beynəlxalq təşkilatlarla qarşılıqlı əməkdaşlığın qurulması Azərbaycanın BMT TŞ-də sədrlik etməsinə gətirib çıxardı. Azərbaycan bu mötəbər tribunada Dağlıq Qarabağa bağlı həqiqətləri dünya ictimaiyyətinə çatdıra bilir.

"Azərbaycan Ermənistanın işğalçı siyasəti ilə barışa bilməz. Nəyin bahasına olursa olsun, o torpaqlar azad edilməlidir. Bu baxımdan hərbi xərclərin artırılması təbiidir. Çünki həm Azərbaycan torpaqları işğal altındadır, həm də Ermənstanla aparılan danışıqlar nəticə vermir. Bəzi dairələr bizim əvəzimizə qərar qəbul etmək, siyasi kursun müəyyən edilməsi məqsədilə ölkədə baş verən prosesləri şişirdir, Azərbaycana qarşı ikili standartlar tətbiq edir. Lakin nəticədə bu proses fiaskoya uğrayır və uğrayacaq. Bütün bunlara baxmayaraq Azərbaycan inkişaf edərək dünya dövlətləri sırasında öz yerini tutacaq", - Əsgərov qeyd edib.

Milli Məclisin Elm və təhsil komitəsinin sədri Şəmsəddin Hacıyev tədbirdə çıxışında bildirib ki, Azərbaycanın iqtisadi cəhətdən modernləşməsi İlham Əliyevin adı ilə bağlıdır.

Onun sözlərinə görə, bu gün dünyada hökm sürən qlobal maliyyə böhranı Azərbaycana təsir göstərməyib. Əksinə olaraq ölkəmiz gələcək iqtisadi inkişaf üçün dünyamiqyaslı layihələr həyata keçirir və inkişaf konsepsiyasını hazırlayıb. "Bu da düzgün düşünülmüş siyasətin nəticəsidir. Bunun da arxasında böyük siyasətçilər, böyük təhlillər və qarşıya qoyulan hədəflər durur", - Hacıyev deyib.

O, bildirib ki, hazırda ölkədə sosial islahatlar sürətlə aparılır və yüksək nəticə əldə olunub. Azərbaycan 9 il müddətində borc alan ölkədən borc verən ölkəyə çevrilib. Həmçinin 9 il müddətində Milli Məclisdə iqtisadi inkişaf üçün bir sıra qanun layihələri qəbul edilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti