Azərbaycan, Bakı, 26 dekabr /Trend, müxbir T.Cəfərov/
Ermənistanda təsis edilən İran Azad Ticarət Mərkəzi səhmlərini İranda satışa çıxarıb. Bunu İran və Ermənistan müştərək ticarət palatasının Ermənistandan olan sədri Leon Axarunyan deyib. Trend-in məlumatına görə, bu barədə İSNA agentliyi xəbər verir.
Axarunyan bildirib ki, hər bir səhmin qiyməti 50 000 rial (5 dollara yaxın) olacaq və hər bir şəxsə 2000 səhm satılacaq. Ümumilikdə 5 milyon səhm satışa çıxarılacaq.
"Ermənistan dövləti İranlı investorlara və tacirlərə gömrük, bank güzəştləri ilə yanaşı, ticarət üçün də güzəştlər tətbiq edəcək. Həmçinin böyük sayda səhmlər almış iranlılara Ermənistanda uzun müddət qalmaq hüququ veriləcək", - Axarunyan bildirib.
Onun sözlərinə görə, səhmlər İranda rialla satılacaq, lakin Ermənistanda həmin səhmlərin satışından əldə olunan gəlir dollara çevrilərək investisiya şəklində yatırılacaq. Bu isə iranlılar üçün iqtisadi baxımdan sərfəlidir.
"İranlılar Ermənsitanda ərzaq məhsulları, tikinti materialları, sənaye texnologiyası, yuyucu vasitələr, ev əşyaları, geyim, çanta, ayaqqabı istehsalı və digər sahələrdə investisiyalar yatıra bilərlər", - Axurunyan deyib.
Ötən gün İran və Ermənistanın müştərək ticarət palatasının iclası keçirilib.