...

"Daily Xabrian" qəzetində Azərbaycan-Pakistan münasibətlərindən bəhs edən məqalə dərc edilib

Siyasət Materials 30 Dekabr 2012 17:38 (UTC +04:00)

Azərbaycan, Bakı, 30 dekabr /Trend/

Pakistanın çoxtirajlı urdu dilli nəşrlərdən olan "Daily Xabrian" qəzetində Azərbaycan-Pakistan Fondunun prezidenti, Azərbaycan Diplomatik Akademiyasının məzunu, ABŞ-nin Hadson İnstitutunun və İsveçrənin Cenevrə Təhlükəsizlik Siyasəti Mərkəzinin tədqiqatçısı, Pakistan Təhlükəsizlik Siyasəti Mərkəzinin sədri Naman Zəfər Çoudrinin "Azərbaycan-Pakistan münasibətləri - 20 il, XXI əsrin çağırışları" adlı məqaləsi dərc edilib.

Azərbaycanın Pakistandakı səfirliyindən Trend-ə verilən məlumata görə, məqalədə ölkələrimiz arasında mövcud olan səmimi dostluq münasibətlərindən bəhs edilbi, Pakistanın Azərbaycanın müstəqilliyini tanıyan ilk ölkələr sırasında olması faktı qeyd olunub.

Yazar Azərbaycanın ümummilli lideri Heydər Əliyev və Pakistanın sabiq baş naziri Benazir Bhuttonun dövlətlərimiz arasında strateji əlaqələrin özülünü qoyduqlarını, iki onillik ərzində bu münasibətlərin həyatın bütün sahələrini əhatə etdiyini diqqətə çatdırıb.

Çoudri Pakistanın Azərbaycanla əlaqələrinə böyük önəm verdiyini, daha da genişlənməsində maraqlı olduğunu, hər iki ölkənin beynəlxalq və regional məsələlərdə bir-birilərinin mövqelərini dəstəklədiklərini vurğulayıb.

"Daily Xabrian"dakı məqaləsində müəllif rəsmi İslamabadın Azərbaycanın suverenliyi və ərazi bütövlüyünü tam dəstəklədiyini, Dağlıq Qarabağ məsələsində birmənalı mövqedən çıxış edərək, işğalçı siyasəti və minlərlə günahsız insanı qəddarcasına qətl etdiyinə görə Ermənistanı bir dövlət kimi tanımadığını yazıb.

Məqalədə Pakistan Senatının 01.02.2012 tarixində Xocalı soyqırımını tanıyan və ölkəmizin ərazi bütövlüyünü bir daha dəstəkləyən qətnaməni qəbul etdiyi qeyd olunub, Azərbaycanın Cammu və Kəşmir məsələsində Pakistanın mövqeyini BMT və digər beynəlxalq forumlarda dəstəklədiyi ifadə olunub.

Daha sonra yazar 21-ci əsrin çağırışlarından bəhs edərkən hər iki ölkənin terror, narkotiklərin qaçaqmalçılığı, çoxsaylı qaçqın və köçkünün mövcudluğu və digər bu kimi problemlərlə üzləşdiyini, bunların öhdəsindən gəlmək üçün birgə əməkdaşlığın vacibliyini qeyd edib.

Çoudri mövcud yüksək səviyyəli siyasi əlaqələri iki xalqın rifahına yönəlməsinin zəruriliyini bildirib. O, eyni zamanda, insanlar arasında ünsiyyətin genişlənməsinin, parlamentlərarası əlaqələrin inkişafının, qarşılıqlı səfərlərin intensivləşdirilməsinin zəruriliyini də ön plana çəkib.

Yazının sonunda Çoudri Azərbaycan-Pakistan Fondunun qarşısında duran vəzifələrdən söz açıb.

Məqalənin ingilis dilində tam mətni ilə aşağıdakı linkdən oxumaq mümkündür: http://azembassy-pakistan.com/archives/1612

Məqalədə:
Xəbər lenti

Xəbər lenti