...

Əfqanıstandan koalisiya qüvvələrinin çıxarılmasından sonra nə gözlənilə bilər?

Siyasət Materials 14 Yanvar 2013 15:49 (UTC +04:00)
Əfqanıstandan koalisiya qüvvələrinin çıxarılmasından sonra nə gözlənilə bilər? Amerikalılar çıxdıqdan sonra "Taliban"ın hakimiyyətə gələcəyi və əldə edilmiş "kövrək tarazlığ"ın pozulacağı istisna deyil.
Əfqanıstandan koalisiya qüvvələrinin çıxarılmasından sonra nə gözlənilə bilər?

Arzu Nağıyev - Trend-in icmalçısı

Əfqanıstandan koalisiya qüvvələrinin çıxarılmasından sonra nə gözlənilə bilər? Amerikalılar çıxdıqdan sonra "Taliban"ın hakimiyyətə gələcəyi və əldə edilmiş "kövrək tarazlığ"ın pozulacağı istisna deyil. Təcrübələr göstərir ki, müharibədən sonrakı Əfqanıstanda vəziyyət hazırda İraqdan heç də geri qalmaya bilər. Məlumdur ki, sünniliyi təbliğ edən "Taliban" şiə İranla barışmaz düşmənə çevriləcək və hakimiyyətə gəldikdən sonra tək Orta Asiya deyil, həm də İrana tərəf istiqamət götürəcək.

Yenidən Prezident seçilən Barak Obama və Əfqanıstan Prezidenti Həmid Kərzayinin cümə günü Ağ Evdə ilk görüşü keçirildi. Gözlənildiyi kimi, görüşdə, əsasən, Əfqanıstanın polis-patrul qüvvələrinin təchizatı, müxalif qüvvələr arasındakı barışıq proqramları, təhlükəsizlik sahəsində əməkdaşlıq üzrə ikitərəfli müqavilələrin detalları müzakirə edildi.

Danışıqların əsas mövzularından biri - gələn ilin sonunadək başa çatdırılması nəzərdə tutulan NATO-nun əsas qüvvələrinin Əfqanıstan ərazisini tərk etməsi planının detalları idi.

ABŞ Mərkəzi Komandanlığının məlumatına əsasən, hazırda Əfqanıstanda 68 min Amerika hərbçisi var. 2014-cü ildən sonra neçə nəfər hərbçinin Əfqanıstan ərazisində qalması məsələsi görüşdə müzakirə edilsə də, son qərar verilmədi.

ABŞ üçün əsas problemlərdən biri də hazırda regionda müxtəlif makrolayihələr həyata keçirən, o cümlədən boru kəmərlərinin çəkilməsi və infrastruktur obyektlərinin yaradılmasından tutmuş, öz diplomatik və mədəni iştirakının genişləndirilməsinə çalışan Çinin getdikcə daha fəal rol oynamasıdır.

Çin hakimiyyəti Mərkəzi Asiyanın sərhədində yerləşən və iddialı sayılan Sincan vilayətində müxtəlif inkişaf layihələri həyata keçirməklə nəzarəti gücləndirərək, yerli uyğur əhalinin millətçilik ruhunun qarşısını almağa çalışır.

Sincan Uyğur Muxtar Vilayətinin əhalisi, əsasən, müsəlman uyğurlar olmaqla, səkkiz dövlətlə 5600 km-dən çox quru sərhəddə malikdir. Bu sərhədlərin ən qeyri-stabili Əfqanıstanla (80 km) olmaqla, əsasən, Rusiya, Qırğızıstan, Qazaxıstan və Tacikistanladır.

Lakin bu məsələnin digər tərəfi də var. Məlum 11 sentyabr 2001-ci il hücumlarından sonra Çin hökuməti "terrorizmlə beynəlxalq müharibə"dən uyğur ekstremistlərə qarşı istifadə etməyə başladı. Ümumiyyətlə, hazırda Sincanda separatçılar vəziyyətə nəzarət etməyə malik deyillər, çünki Çinin hakimiyyət orqanları səriştəli mübarizə aparmağı bacarır və başa düşürlər ki, istənilən vaxt Çini zəiflətmək istəyənlər mütləq "uyğur kartı"ndan istifadə edəcəklər.

ABŞ Əfqanıstandan hərbi qüvvələr çıxarıldıqdan sonra gözlənilən vəziyyətlə bağlı "Taliban"la xeyli müddətdir ki, danışıqlar aparır və inkar etmək olmaz ki, bu danışıqlarda Çin, daha doğrusu, Sincan məsələsi qaldırılmır. Məlumdur ki, Ağ ev Çinlə hər hansı bir çətinlik törədən ikitərəfli danışıqlarda bu məsələlərdən öz xeyrinə istifadə etməyə çalışır. Deməli, 2014-cü ildə Əfqanıstandan hərbi qüvvələr çıxarıldıqdan sonra region hətta Çin əleyhinə əməliyyatlar şəbəkəsinə çevrilə bilər. Buna görə də Qərb koalisiya qüvvələrinin çıxarılmasından sonra Əfqanıstanla bağlı yürüdüləcək siyasəti araşdırarkən nəzərə almaq lazımdır ki, Vaşinqtonun Əfqanıstanda qarşıya qoyulan məsələlərin həllinə nail olmaqla bərabər, həm də bu istiqamətdə işi davam etdirmək üçün xüsusi planı var. Məhz buna görə də 50 mindən çox hərbçisini ərazidə saxlamaq niyyətindədir.

Əfqanıstan Prezidenti Həmid Kərzayinin ölkəsində ABŞ-ın həyata keçirdiyi siyasəti tez-tez tənqid etməsinə baxmayaraq, Obama ilə görüşdə hətta öz gələcək taleyi baxımından belə ABŞ qüvvələrinin bir müddət ölkədə saxlanmasına razılığını ifadə etdi.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti