Azərbaycan, Bakı, 16 yanvar /Trend/
Azərbaycan Prezidenti İlham Əliyev Məhsəti Gəncəvinin yaradıcılığının 900 illik yubileyinin keçirilməsi haqqında sərəncam imzalayıb.
Zəngin ənənələrə malik çoxəsrlik Azərbaycan poeziyasının tanınmış nümayəndəsi Məhsəti Gəncəvinin ədəbiyyatımız tarixində özünəməxsus yeri var. Onun yaratdığı söz sənəti nümunələri insanı ucaldan yüksək bəşəri duyğular, nikbin ruh və dərin lirizmlə səciyyələnərək geniş şöhrət tapıb sonrakı dövrlərdə bədii zövqün formalaşmasına mühüm təsir göstərib. Şairənin ədəbi şəxsiyyəti yaradıcı Şərq qadınının fikir və mənəvi azadlığının parlaq təcəssümü kimi Qərb şərqşünaslarının əsərlərində çox yüksək dəyərləndirilib. Məhsəti Gəncəvinin yaradıcılığının 900 illik yubileyi YUNESKO-nun görkəmli şəxsiyyətlərin və əlamətdar hadisələrin qeyd olunması proqramına daxil edilib.
Sərəncamda qeyd olunur ki, Azərbaycan poeziyasının inkişafına töhfələr vermiş şairə Məhsəti Gəncəvinin yaradıcılığının 900 illik yubileyinin qeyd olunmasını təmin etmək məqsədi ilə Mədəniyyət və Turizm Nazirliyi, Təhsil Nazirliyi və Azərbaycan Milli Elmlər Akademiyası Gəncə Şəhər İcra Hakimiyyəti ilə birlikdə, Azərbaycan Yazıçılar Birliyinin təkliflərini nəzərə almaqla, Məhsəti Gəncəvinin yaradıcılığının 900 illik yubileyinə həsr olunmuş tədbirlər planını hazırlayıb həyata keçirsin.
Nazirlər Kabinetinə bu sərəncamdan irəli gələn məsələləri həll etmək tapşırılıb.