...

Mübariz Əhmədoğlu: Ermənistan ordusu Azərbaycan ordusunun qarşında duruş gətirmək qabiliyyətini itirib

Siyasət Materials 22 Yanvar 2013 13:32 (UTC +04:00)
Ermənistan ordusu Azərbaycan ordusunun qarşında duruş gətirmək qabiliyyətini itirib.
Mübariz Əhmədoğlu: Ermənistan ordusu Azərbaycan ordusunun qarşında duruş gətirmək qabiliyyətini itirib

Azərbaycan, Bakı, 22 yanvar /Trend, müxbir E.Mehdiyev/

Ermənistan ordusu Azərbaycan ordusunun qarşında duruş gətirmək qabiliyyətini itirib. Ona görə də Dağlıq Qarabağa qoşunların yeridiləcəyi təqdirdə Ermənistan Azərbaycanı öz orduları ilə deyil, Rusiya və KTMT-nin hərbi imkanları ilə hədələyir. Trend-in məlumatına görə, bunu Siyasi İnnovasiya və Texnologiya Mərkəzinin direktoru, politoloq Mübariz Əhmədoğlu çərşənbə axşamı "Qarabağ saatı" mövzusunda keçirdiyi növbəti brifinqidə bildirib.

Mərkəzin direktoru deyib ki, Ermənistan Prezidenti Serj Sarkisyan Rusiyanın hərbi gücünə aşkar şəkildə istinad edir. Öz ordusunun gücünə bələd olan Sarkisyanın bu istinadı başa düşüləndir, lakin Rusiyanın bu günə kimi Ermənistan Prezidenti və rəhbərliyinin Rusiya hərbisi adından Azərbaycanı hədələməsinə münasibət bildirməməsi diqqət çəkir.

"Hər halda regionda müharibədə maraqlı olanların sayı artır. Vaxtilə Dağlıq Qarabağda başlayan müharibə Moskvadakı bəzi qüvvələrlə birlikdə SSRİ-nin dağılmasına gətirib çıxardı. Dağlıq Qarabağda yeni müharibə Rusiyanın "sovetləşmə" prosesini heçə endirməklə yanaşı, onun ərazi bütövlüyünə təhlükə yarada bilər. Ermənilər Rusiyadakı havadarları ilə birlikdə bu kursdadırlar. Əgər dağıdıcılıq və müharibə Rusiya tərəfindən yüksək dəyərləndirilirsə və qonşularına bu potensialına görə hörmətli münasibət bildirirsə, Azərbaycan resurslarını regionda dağıdıcılığa yönəldə bilər. "Bizim üçün pisdirsə, qoy, hamı üçün pis olsun" işi hamının bacardığı işdir", - Əhmədoğlu qeyd edib.

Onun sözlərinə görə, Ermənistan ordusunda korrupsiya, "dedovşina", maliyyə fırıldaqları baş alıb gedir.

"Bunun nəticəsi olaraq ötən il Ermənistan ordusunda ölənlərin sayı, 2011-ci ilə nisbətən daha da artıb. Ölənlərin sayının artması həm rəsmilər, həm də müxalifətçilər tərəfindən etiraf edilir. Rəqəmlər isə fərqlidirlər. Hərbi prokurorluğun verdiyi məlumata görə, ötən il 36 nəfər hərbçi ölüb. Helsinki Vətəndaş Assambleyasının Vanadzor ofisinin yaydığı məlumatda bu rəqəm 48 nəfərdir. Ermənistan müdafiə nazirinin baş psixoloqu Ermənistan və Azərbaycan ordusu arasında itkinin say nisbətini 1-in 3-ə nisbəti kimi müəyyənləşdirib", - Əhmədoğlu deyib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti