...

Xanlar Vəliyev: Azərbaycanda bəzi hərbi cinayətlər artıb

Siyasət Materials 25 Yanvar 2013 15:56 (UTC +04:00)
Azərbaycan Respublikası Hərbi Prokurorluğunda 2012-ci ildə görülmüş işlərin və qarşıda duran vəzifələrin müzakirəsinə həsr olunmuş kollegiya iclası keçirilib
Xanlar Vəliyev: Azərbaycanda bəzi hərbi cinayətlər artıb

Azərbaycan, Bakı, 25 yanvar /Trend, müxbir İ.İzzət/

Azərbaycan Respublikası Hərbi Prokurorluğunda 2012-ci ildə görülmüş işlərin və qarşıda duran vəzifələrin müzakirəsinə həsr olunmuş kollegiya iclası keçirilib.

Hərbi Prokurorluğun mətbuat xidmətindən Trend-ə bildiriblər ki, kollegiya iclasında 2012-ci ildə hərbi prokurorluq orqanları tərəfindən cinayətkarlığa qarşı mübarizə, qanunçuluq və hüquq qaydasının möhkəmləndirilməsi, insan hüquq və azadlıqlarının qorunması sahəsində görülmüş işlər və qarşıda duran vəzifələr müzakirə olunub.

İclasda hesabat məruzəsi ilə çıxış edən baş prokurorun müavini - hərbi prokuror, ədliyyə general-leytenantı Xanlar Vəliyev qeyd edib ki, ötən il Silahlı Qüvvələrdə cinayətkarlığa qarşı mübarizə, qanunçuluq və hüquq qaydasının möhkəmləndirilməsi istiqamətində görülən işlər səmərəli olmuş, hesabat dövründə qeydə alınmış cinayətlərin 99,3 faizi açılmışdır.

Hərbi prokuror bildirib ki, 2011-ci ilə nisbətən ötən il Silahlı Qüvvələrdə və qanunvericilikdə nəzərdə tutulmuş başqa silahlı birləşmələrdə qeydə alınmış cinayətlər 0,4 faiz, hərbi xidmət əleyhinə cinayətlər 1,5 faiz, o cümlədən tabelik qaydaları əleyhinə olan cinayətlər 6,7 faiz, hərbi xidmətdən yayınma 4,3 faiz, fərarilik cinayətləri 35 faiz, hərbi hissəni və xidmət yerini özbaşına tərketmə cinayətləri 4,4 faiz, hakimiyyətdən sui-istifadə etmə cinayətləri 20 faiz, qulluğa səhlənkar yanaşma cinayətləri 40,7 faiz, maşınları idarəetmə və istismar qaydalarını pozma cinayətləri 50 faiz, mülkiyyət əleyhinə olan cinayətlər 4,8 faiz, silahlı birləşmələrdə ölüm halları 2,3 faiz, o cümlədən qəsdən adam öldürmə 8,7 faiz azalmışdır. Hərbi hissəni və xidmət yerini döyüş şəraitində özbaşına tərk etmə halları baş verməmişdir. Hərbi birləşmələrdə törədilmiş bir sıra ağır və xüsusilə ağır cinayətlərin açılması təmin olunmuşdur. Bu növ cinayət hadisələrinin azalmasında hərbi prokurorluq orqanlarının Müdafiə Nazirliyi, Dövlət Sərhəd Xidməti, Daxili Qoşunlar və digər hərbi qurumlarla qarşılıqlı sağlam və işgüzar əlaqələrinin yaranması, habelə birgə tədbirlərin çox böyük əhəmiyyəti olmuşdur. Bununla yanaşı qanunvericilikdə nəzərdə tutulmuş silahlı birləşmələrdə tabelik münasibətlərində olmayan hərbi qulluqçular arasında qarşılıqlı münasibətlərin nizamnamə qaydalarını pozma cinayətləri, silahla və ya ətrafdakılar üçün təhlükə törədən əşyalarla davranış qaydalarını pozma cinayətləri, qəsdən sağlamlığa ağır zərər vurma cinayətlləri artmışdır.

Silahlı Qüvvələrdə və qanunvericilikdə nəzərdə tutulmuş başqa silahlı birləşmələrdə qəsdən adam öldürmə və özünü öldürmə həddinə çatdırma cinayətlərinin qarşısının alınması üçün hər il olduğu kimi ötən ildə də iki dəfə Respublika Hərbi Prokurorluğunun kollegiyasında silahlı birləşmələrin rəhbər vəzifəli şəxslərinin iştirakı ilə məhkəmə və istintaq təcrübəsi ümumiləşdirilməklə müzakirə edilmişdir. Həmin cinayətləri doğurmuş səbəb və şəraitin aradan qaldırılması üçün zəruri qabaqlayıcı tədbirlərin görülməsinə dair kollegiyanın qərarlarına əsasən silahlı birləşmələrin komandanlıqlarına təqdimatlar, ərazi hərbi prokurorlarına icmal-məktublar göndərilmişdir. Cinayətlərin qarşısının alınması məqsədilə Müdafiə Nazirliyi və digər qurumlarla birlikdə tədbirlər planları hazırlanaraq təsdiq edilmiş və icrası təmin olunmuşdur. Hazırda bu istiqamətdə işlər davam etdirilir.

Respublika hərbi prokurorluğu tərəfindən Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin idarə, şöbə və bölmələrində aparılmış yoxlamalar nəticəsində bir sıra hallarda çağırışçıların hərbi xidmətə çağırışdan əsassız azad edilmələri onlara hərbi - həkim komissiyalarının rəylərinə əsasən çağırışdan qanunsuz möhlət verilməsi və çağırışçıların valideynlərindən rüşvət alınması ilə bağlı Bakı şəhəri Binəqədi, Sumqayıt şəhər, Gəncə şəhər Nizami və Kəpəz rayonu, Lənkəran şəhər hərbi komissarlıqlarının və digər rayon hərbi komissarlıqlarının vəzifəli şəxsləri barəsində Azərbaycan Respublikası CM-nin 311 (rüşvət alma), 313 (vəzifə saxtakarlığı) və 341-ci (hakimiyyətdən sui-istifadə etmə, hakimiyyət həddini aşma və ya hakimiyyətdən istifadə etməmə) maddələri ilə başlanmış cinayət işlərinin istintaqı yekunlaşaraq baxılması üçün hərbi məhkəmələrə göndərilmiş, həmin işlər üzrə ittiham hökmü çıxarılmışdır.

Hesabat dövründə hərbi prokurorluq orqanları törədilmiş cinayətlər nəticəsində hüquqi və fiziki şəxslərə dəymiş maddi ziyanın 99,5 faizinin istintaq zamanı ödənilməsini təmin etmişlər.

Ötən il hərbi prokurorluq orqanları tərəfindən əməliyyat-axtarış tədbirlərinin yerinə yetirilməsi üzərində prokuror nəzarətinin gücləndirilməsi nəticəsində axtarışda olanlardan 74 nəfər tapılıb istintaqa cəlb edilmişdir. Təhqiqat orqanlarının fəaliyyətində qanunların icrasına nəzarət qaydasında 138 yoxlama keçirilmiş, nəticədə 2443 qanun pozuntusu aşkar edilmiş, qanun pozuntularını doğuran səbəb və şəraitin aradan qaldırılması üçün 351 təqdimat göndərilmiş, 141 nəfərə xəbərdarlıq edilmiş, 52 cinayət işi başlanmış, təhqiqat orqanlarının icraatında olan işlər üzrə 141 yazılı göstəriş verilmiş, cinayət işlərinin başlanmasının rədd edilməsinə dair 26 qanunsuz qərar ləğv olunmuşdur.

Hesabat dövründə dövlət ittihamının müdafiəsi şöbəsi tərəfindən birinci instansiya hərbi məhkəmələrinin hökm və qərarlarından verilmiş 56 apelyasiya protestinin 55 faizi təmin olunmuşdur.

Cinayətkarlığın profilaktikası üçün məhkəmə qərar və hökmlərinin rolunun artırılması, məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədilə hesabat dövründə 216 məhkəmə prosesi səyyar qaydada keçirilmişdir.

2012-ci ildə Azərbaycan Respublikasının hərbi prokurorluq orqanlarında vətəndaşların 1623 müraciətinə baxılmış, 621 vətəndaş mərkəzi aparatda qəbulda olmuş, ərazi hərbi prokurorluqlarında 2664 vətəndaşın fərdi qəbulu aparılmış, bilavasitə hərbi hissə və birləşmələrdə 1848 nəfər qəbul edilərək müraciətləri üzrə müvafiq qərarlar qəbul olunmuşdur.

Ədliyyə general-leytenantı Xanlar Vəliyev Xocalı, Qaradağlı, Meşəli, Bağanis-Ayrım faciəsi, terror, habelə əsir düşmüş şəxslərə işgəncə verilməsi və erməni silahlı qüvvələrinin törətdikləri digər cinayət əməlləri ilə bağlı Hərbi Prokurorluqda aparılan istintaq barədə kollegiya iclasının iştirakçılarına məlumat verərək bildirmişdir ki, həmin cinayət işi üzrə hazırda intensiv istintaq-əməliyyat tədbirləri davam etdirilir.

Görülmüş müsbət işlərlə yanaşı, kollegiya iclasında "Prokurorluq haqqında" qanunda nəzərdə tutulmuş fəaliyyət istiqamətləri üzrə işin səmərəliliyinə mənfi təsir göstərən hallar da ətraflı təhlil olunmuşdur.
Hərbi qulluqçuların hüquqi maarifləndirilməsi sahəsində də mühüm işlər görülmüş, hərbi prokurorluğun əməkdaşları müntəzəm olaraq hərbi hissələrdə olmuş, hərbi qulluqçular qarşısında çıxışlar, məruzələr, söhbətlər aparmışlar.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti