Azərbaycan, Bakı, 31 yanvar /Trend, müxbir E.Mehdiyev/
2013-cü ilin oktyabr ayında ölkəmizdə növbəti prezident seçkiləri keçirilək. Hesab edirəm ki, növbəti prezident seçkilərində bütün Azərbaycan vətəndaşları, eyni zamanda, YAP-ın üzvləri və gənclərimiz öz yüksək vətəndaşlıq mövqelərini ifadə edəcəklər. Biz qəti şəkildə əminik ki, növbəti prezident seçkilərində YAP-ın namizədi, dövlət başçısı İlham Əliyev vətəndaşlarımızın mütləq əksəriyyətinin səsini qazanacaq. Trend-in məlumatına görə, bunu hakim Yeni Azərbaycan Partiyasının rəsmi saytına açıqlamasında YAP sədrinin müavini, icra katibi Əli Əhmədov deyib.
Əhmədov bildirib ki, bu inamı formalaşdıran əsas amil ölkəmizin sürətli inkişafı, bu inkişaf nəticəsində hər bir Azərbaycan vətəndaşında formalaşan qürur və iftixardır. Eyni zamanda, bu inkişafın hər bir vətəndaşın həyatında dəyişikliklər üçün əsasın olması da inamımızı şərtləndirən amildir.
"Ona görə də biz qəti şəkildə əminik ki, növbəti prezident seçkilərində Azərbaycan vətəndaşları birmənalı olaraq Yeni Azərbaycan Partiyasının namizədi olan cənab İlham Əliyevi dəstəkləyəcəklər. Bu, bütün Azərbaycan xalqının mənafeyinə uyğundur və bu mənada YAP-ın istəkləri ilə bütün xalqımızın mənafeləri üst-üstə düşür. Çünki Prezident İlham Əliyev ötən 10 il ərzində Azərbaycanın sürətli və əzəmətli inkişafını təmin edə bildiyi kimi, biz qəti inanırıq, xalqımız da buna inanır ki, növbəti 5 il ərzində də Azərbaycanın əzəmətli inkişafı davamlı olacaq. Belə olan halda, hər bir vətəndaşın, bütövlükdə xalqımızın istəyi ilə YAP-ın istəkləri tamamilə üst-üstə düşür", - YAP sədrinin müavini vurğulayıb.
Əhmədov qeyd edib ki, bu amil qarşıdan gələn prezident seçkilərini təmin edəcək əsas, həlledici resursdur. Hər bir seçki kampaniyasının yüksək fəallığı ilə seçilən siyasi proses olduğunu deyən Əli Əhmədovun sözlərinə görə, YAP-ın hər bir üzvü, o cümlədən gənc üzvlər prezident seçkiləri kampaniyasında yaxından iştirak etməlidir.
"YAP-ın hər bir gənc üzvü aydın şəkildə dərk etməlidir ki, seçki kampaniyasında yaxından iştirak etməklə əslində özlərinin yüksək vətəndaşlıq məsuliyyətini dərk edir və bu məsuliyyətə uyğun addım atmış olurlar. Mən əminəm ki, YAP-ın hər bir gənc üzvü bu məfkurəyə sahibdir, bu fədakarlığı göstərməyə hazırdır və biz qarşıdan gələn prezident seçkilərində gənclərimizin həmin fədakarlığının şahidi olacağıq. Eyni zamanda, gənclər də əmindirlər ki, partiyamızın sədri İlham Əliyevin 2013-cü il prezident seçkilərində şəksiz qələbəsi növbəti beş il ərzində Azərbaycanın inkişafının əsasını təmin edən həlledici amildir", - YAP sədrinin müavini vurğulayıb.