...

Türkdilli Ölkələrin Əməkdaşlıq Şurası nəzdində Təmas qrupunun toplantısı keçirilib

Siyasət Materials 19 Aprel 2013 16:47 (UTC +04:00)
Aprelin 18-19-da İstanbulda Türkdilli Ölkələrin Əməkdaşlıq Şurası nəzdində diaspor məsələləri üzrə Təmas qrupunun ilk toplantısı keçirilib.
Türkdilli Ölkələrin Əməkdaşlıq Şurası nəzdində Təmas qrupunun toplantısı keçirilib

Azərbaycan, Bakı, 19 aprel /Trend, müxbir İ.İzzət/

Aprelin 18-19-da İstanbulda Türkdilli Ölkələrin Əməkdaşlıq Şurası nəzdində diaspor məsələləri üzrə Təmas qrupunun ilk toplantısı keçirilib.

Diasporla İş üzrə Dövlət Komitəsinin mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, iclasa Türkdilli Ölkələrin Əməkdaşlıq Şurasının baş katibi Halil Akıncı sədrlik edib. Toplantıda Azərbaycan tərəfini Diasporla İş üzrə Dövlət Komitəsinin Aparat rəhbəri Nəriman Qurbanovun rəhbərlik etdiyi nümayəndə heyəti təmsil edib.

İclasda "Türkdilli ölkələrin diaspor təşkilatlarının ortaq fəaliyyət strategiyası" layihəsi geniş müzakirə olunub. Layihə ilə bağlı Azərbaycan, Türkiyə, Qazaxıstan və Qırğızıstan nümayəndələrinin təklifləri ətrafında geniş fikir mübadiləsi aparılıb. Bütün tərəflərin rəy və təklifləri dinlənildikdən sonra layihəyə müvafiq əlavə və dəyişikliklər edilib. Təmas qrupunun üzvləri sənəd layihəsinin Türkdilli Ölkələrin Əməkdaşlıq Şurasına üzv ölkələrin diaspor məsələlərinə cavabdeh dövlət qurumları rəhbərlərinin toplantısında təsdiq olunmağa hazır olduğunu bildiriblər.

Daha sonra müvafiq məsləhətləşmələr əsasında Türkdilli Ölkələrin Əməkdaşlıq Şurasına üzv dövlətlərin diaspor məslələrinə cavabdeh dövlət qurumları rəhbərlərinin görüşünün may ayının 14-də Ankara şəhərində keçirilməsi qərara alınıb. Bu görüşdə "Türkdilli ölkələrin diaspor təşkilatlarının ortaq fəaliyyət strategiyası" layihəsi dörd ölkənin müvafiq dövlət orqanlarının rəhbərləri tərəfindən təsdiq olunacaq.

Toplantı zamanı Türkdilli Ölkələrin Əməkdaşlıq Şurasına üzv dövlətlərin diaspor təşkilatlarının I forumu ilə bağlı müzakirələr aparılıb. İştirakçı ölkələlərin təmsilçiləri forumun 2013-cü il iyun ayının 21-də Bakı şəhərində keçirilməsi barədə Azərbaycan tərəfinin təklifini dəstəklədiklərini bildiriblər. Qərara alınıb ki, forumda iştirak edəcək ölkələr müəyyən vaxt ərzində kvotaya uyğun olaraq foruma qatılacaq nümayəndələrin siyahısını Türkdilli Ölkələrin Əməkdaşlıq Şurasına təqdim etsinlər.

Təmas qrupunun iclasında Şuraya üzv ölkələrin diaspor təşkilatlarının I forumunun gündəliyi, müzakirəyə çıxarılacaq məsələlər, birgə əməkdaşlığın mümkün istiqamətləri ilə bağlı bir sıra məsələlər ətrafında da fikir mübadiləsi aparılıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti