Azərbaycan, Bakı, 3 may /Trend/
Müstəqil xarici siyasət yürüdən Azərbaycanın ümummilli lideri Heydər Əliyev ölkəsinin statusunu qlobal miqyasda vacib oyunçu kimi yüksəldə bildi. Bunu "Caspian Group Holdings"in baş direktoru Rob Sübhani Trend-ə müsahibəsində deyib.
"Azərbaycanda neftin kəşfiyyatı və işlənməsində iri dövlətlərə iştirak etməyə imkan verən Heydər Əliyev Avropa ölkələri, Rusiya, Türkiyə və ABŞ ilə qarşılıqlı faydalı münasibətlər qurdu", - 90-cı illərin əvvəllərində Azərbaycanda neft layihələri üzrə ABŞ şirkətləri ilə danışıqlar prosesində vacib rol oynamış Sübhani deyib.
"Caspian Group" enerji sahəsində geniş beynəlxalq biznes maraqları olan çoxprofilli şirkətlər qrupudur.
Sübhani qeyd edib ki, Heydər Əliyev Qərbin gözündə Azərbaycanın əhəmiyyətini yüksəltdi. Qərb özünün təhlükəsizlik maraqları baxımından Azərbaycanı zəruri oyunçu qismində nəzərdən keçirməyə başladı.
"Heydər Əliyev beynəlxalq təhlükəsizliyə bu və ya digər şəkildə təsir edən bütün vacib qlobal oyunçularla görüşlər keçirdi ki, bu da Azərbaycanın beynəlxalq arenada yerini təmin edib", - Sübhani bildirib.
Onun sözlərinə görə, Heydər Əliyevin rəhbərliyi ilə ABŞ-Azərbaycan münasibətləri yeni səviyyəyə qədəm qoydu.
"Onun Bill Klinton və Corc Buşla görüşləri Azərbaycanın ABŞ ilə münasibətlərini möhkəmləndirdi. Jak Şirak, Toni Bleyer, Vladimir Putin və Süleyman Dəmirəl ilə çoxsaylı görüşlər Azərbaycanın Avropada statusunu yüksəltdi", - Sübhani qeyd edib.
O əlavə edib ki, beynəlxalq məsələlərdə Azərbaycanın rolunun artmasına daha çox Heydər Əliyevin yürütdüyü siyasət səbəb olub.
Azərbaycanın ümummilli liderinin şəxsi keyfiyyətlərini xatırlayan Sübhani deyib ki, o, nəticə əldə edən lider olub.
Onun sözlərinə görə, Heydər Əliyev zəkalı insan olmasına rəğmən, həmişə öyrənməyə davam edib və suallar verib.
Sübhani, həmçinin qeyd edib ki, Heydər Əliyev keçmiş Sovet dövründə Azərbaycanın zəngin tarixi, mədəniyyəti və musiqisi ilə ölkənin simasını müəyyənləşdirməyə kömək edib.
Sübhani qeyd edib ki, Bakıya hər gəlişində Heydər Əliyevlə görüşmək şərəfinə nail olub.
O, təəssüratları ilə bölüşərək bildirib ki, Heydər Əliyev səhiyyə sisteminin təkmilləşdirilməsi məsələsinə xüsusi diqqət göstərib. Xüsusilə, Heydər Əliyevin göstərişi ilə Sübhani Azərbaycanda işləyən neft şirkətlərinin imkanlarını ölkədə beş yaşınadək olan uşaqların vaksinasiya edilməsinə cəlb edə bilib.
"O, öz xalqını sevən insan olub", - Sübhani deyib.
O bildirib ki, Heydər Əliyevin işini hazırda onun oğlu, Azərbaycan Prezidenti İlham Əliyev davam etdirir.
Onun fikrincə, Bakı və Vaşinqton arasında münasibətlərin möhkəmləndirilməsində İlham Əliyevin də rolu böyükdür.
"İlham Əliyevin ilk vacib görüşlərindən biri Vaşinqtonda Prezident Corc Buşla olub. Prezident Buş bu görüşdə terrorizmlə mübarizədə oynadığı və dünya enerji bazarlarındakı konstruktiv roluna görə Azərbaycana təşəkkür edib", - o qeyd edib.
Onun sözlərinə görə, Azərbaycan xalqının bilməli olduğu İlham Əliyevin digər böyük və vacib töhfəsi dövlət başçısının beynəlxalq məsələlərdə Azərbaycanın mövqeyini müdafiə etməsidir.
"Nəticədə, hazırda Vaşinqton, Moskva, Paris, London, Ankara və Tehran Azərbaycanı bərabər oyunçu qismində nəzərdən keçirir", - Sübhani əlavə edib.
O bildirib ki, Prezident İlham Əliyev və Azərbaycanın birinci xanımı Mehriban Əliyeva Azərbaycanı ölkənin tarixi, mədəniyyəti və irsi vasitəsilə dünyaya təqdim ediblər ki, bu da böyük əhəmiyyət kəsb edir.
"Bu gün Prezident və birinci xanım sayəsində bütün dünya Azərbaycanı ənənələr və müasirliyin kəsişdiyi xüsusi ölkə kimi tanıyır", - Sübhani vurğulayıb.
Onun sözlərinə görə, Prezident İlham Əliyevin rəhbərliyi ilə əldə edilən iqtisadi inkişaf Azərbaycanı dünyada ən sürətlə inkişaf edən iqtisadiyyata malik ölkələr sırasına çıxarıb.
Sübhani deyib ki, Prezident İlham Əliyevin rəhbərliyi altında Azərbaycan xalqının yaşayış səviyyəsi yaxşılaşıb. 1990-cı illərin əvvəllərində işsizlik problemi var idi, lakin hazırda işləmək istəyən azərbaycanlıların əksəriyyəti iş tapa bilir.
"Onu da qeyd etmək lazımdır ki, Prezident İlham Əliyev iqtisadiyyatı şaxələndirərək onu neft asılılığından azad edib və iqtisadiyyatın turizm, telekommunikasiya, infrastruktur kimi sahələrini inkişaf etdirib, - o əlavə edib. - Hazırda Prezident İlham Əliyevin səyləri nəticəsində Azərbaycan dünyada dini tolerantlığın hökm sürdüyü, zəngin irsi və dinamik müasir cəmiyyəti olan ölkə kimi tanınır".