...

Ramil Usubov: Bu gün bizim çoxsaylı uğurlarımızın hamısı istisnasız olaraq Heydər Əliyevin adı ilə bağlıdır

Siyasət Materials 4 May 2013 17:46 (UTC +04:00)

Azərbaycan, Bakı, 4 may /Trend/

Mayın 4-də DİN-in "Xəzri" İstirahət və Sağlamlıq Mərkəzində "Ümummilli lider Heydər Əliyevin dövlətçiliyin inkişafında, müstəqilliyin qorunub saxlanılmasında, möhkəmləndirilməsində, habelə Daxili İşlər Nazirliyi sistemində islahatların həyata keçirilməsində rolu" mövzusunda elmi-praktik konfrans keçirilib.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən Trendə daxil olan məlumata görə, əvvəlcə ulu öndərin ölkədə dönməz sabitliyin yaradılmasında, daxili işlər orqanlarının işinin qurulması və təkmilləşdirilməsində əvəzsiz xidmətlərinə həsr edilmiş sənədli film nümayiş olunub.

Respublikanın daxili işlər naziri, general-polkovnik Ramil Usubov elmi-praktik konfransı açaraq tədbir iştirakçılarını salamlayıb. Onun təklifi ilə tədbir iştirakçıları ulu öndərin əziz xatirəsini bir dəqiqəlik sükutla yad ediblər.

Qeyd olunub ki, bu günlər nəinki ölkəmizdə, eləcə də bir sıra xarici dövlətlərdə ümummilli lider Heydər Əliyevin 90 illik yubileyinə həsr olunmuş müxtəlif tədbirlər, elmi-praktik konfranslar keçirilir. Həmin toplantılarda xalqımızın bu görkəmli oğlunun, Azərbaycanın müstəqilliyinin və dövlətçiliyinin xilaskarı, qurucusu, ölkəmizi davamlı inkişaf yoluna çıxarmış və dünya birliyinə qovuşdurmuş müdrik tarixi şəxsiyyətin müstəsna xidmətləri böyük minnətdarlıq hissi və məmnunluqla yad edilir.

Daha sonra daxili işlər naziri "Heydər Əlirza oğlu Əliyev - müstəqil Azərbaycan Respublikasında cinayətkarlığa qarşı mübarizənin, ictimai asayişin, insan hüquq və azadlıqlarının qorunmasının təşkilatçısıdır" mövzusunda geniş və ətraflı məruzə ilə çıxış edib. O deyib ki, ümummilli lider Heydər Əliyevin 90 illik yubileyi Azərbaycan dövlətinə və xalqına əsl xidmətin nə demək olduğunu bir daha dərk etməyə imkan verən xüsusi əhəmiyyətli hadisədir. Ulu öndərin keçdiyi həyat yolunun və fəaliyyətinin daxili işlər orqanlarının indiki və gələcək nəsillərinə çatdırılması bizim, həm dövlət qarşısında vətəndaşlıq borcumuz, həm də yaratdığı müstəqil Azərbaycanın adına ehtiramımızdır. Bu gün biz azərbaycanlılar, ölkəmiz haqda danışanda qürurla vurğulaya biləcəyimiz çoxsaylı uğurlar vardır ki, onların da hamısı istisnasız olaraq Heydər Əliyevin adı ilə bağlıdır. Həmin dövrdə bu böyük siyasət dahisi özünü Azərbaycanın yüksəlişinə həsr edərək iqtisadiyyatın tərəqqisi, mədəniyyətin inkişafı, idarəetmə mexanizminin və metodlarının təkmilləşdirilməsi, xalqın tarixi yaddaşının yenilənməsi üçün çox mühüm işlər görüb.

Məruzəçi bildirib ki, ulu öndər respublikamızın hüquq mühafizə, o cümlədən daxili işlər orqanlarının inkişafı və milliləşməsi istiqamətində də böyük bir fəaliyyət ortaya qoydu. Həmin illərdə Daxili İşlər Nazirliyinə dövlət qayğısı gücləndi, əməkdaşların vətənpərvərlik, milli-mənəvi dəyərlər ruhunda təlim-tərbiyəsinə, peşəkarlığının yüksəldilməsinə, xalqa, vəzifə borcuna sədaqətli kadrların irəli çəkilməsinə önəm verildi. Bütövlükdə, Azərbaycana ilk rəhbərliyi dövründə Heydər Əliyev Sovet İttifaqı tərkibində bugünki müstəqil dövlətimizin ilkin əsaslarını formalaşdırdı.

Daha sonra nazir müstəqilliyin ilk illərində dövlətçiliyin itirilməsi təhlükəsi, vətəndaş qarşıdurması, xaos və anarxiya ilə üzləşən xalqımızın çıxış yolunu məhz Heydər Əliyevin ali hakimiyyətə qayıdışında gördüyünü, ulu öndərin 1993-cü il iyunun 15-də Ali Sovetin Sədri seçildiyi günün xalqımızın tarixinə Milli Qurtuluş günü kimi yazıldığını, bununla da ümummilli liderin Azərbaycana rəhbərliyinin ikinci dövrünün başlandığını vurğuladı.

Ümummilli liderin 1994-cü ilin avqust ayında imzaladığı "Cinayətkarlığa qarşı mübarizənin gücləndirilməsi, qanunçuluğun və hüquq qaydasının möhkəmləndirilməsi tədbirləri haqqında" Fərman isə müvafiq sahədə fəaliyyətin təşkilati-hüquqi bazasının və gələcək uğurların möhkəm təməlini qoydu. Məhz ümummilli liderimizin rəhbərliyi ilə hüquq-mühafizə, o cümlədən daxili işlər orqanlarının qısa müddətdə həyata keçirdikləri qətiyyətli tədbirlər nəticəsində vətəndaş müharibəsi təhlükəsi aradan qaldırlıldı, kriminogen durum tam nəzarətə götürüldü, ölkəmizdə sabitlik bərpa olundu. Vətəndaşlarımızın təhlükəsiz şəkildə yaşamaları üçün lazım olan şərait yarandı, onların dövlətə, hüquq-mühafizə orqanlarına inamı daha da artdı. Sabitliyin bərqərar edilməsi isə öz növbəsində islahatların aparılmasına, iqtisadiyyatın bərpasına və inkişaf etdirilməsinə yol açdı. Ümummilli lider tərəfindən daxili işlər orqanlarının fəaliyyəti ilə bilavasitə bağlı olan, o cümlədən insan hüquq və azadlıqlarının həyata keçirilməsi mexanizmlərini tənzimləyən 34 qanun, 100-dən çox fərman və sərəncam imzalandı. Şəxsi heyətin sosial müdafiəsinin gücləndirilməsi məqsədilə ulu öndər 1996-2002-ci illərdə vəzifə və rütbəyə görə maaşların artırılması ilə bağlı beş sərəncam verdi.

General-polkovnik Ramil Usubov məmnunluq hissi ilə vurğulayıb ki, Heydər Əliyevin xalq qarşısında xidmətlərindən biri də onun zamanını qabaqlayan parlaq siyasi zəkası və böyük uzaqgörənliyi sayəsində, Vətəninin gələcəyini düşünərək özündən sonra ölkəmizi uğurla idarə edən xarizmatik lider yetişdirməsidir. Ölkə Prezidenti zati-aliləri cənab İlham Əliyevin Azərbaycana rəhbərlik etdiyi son 10 ilə yaxın bir müddətdə ictimai-siyasi həyatın bütün sahələrində böyük uğurlar əldə olunub, xalqımız və dövlətimiz üçün taleyüklü sayılan mühüm layihələr reallaşıb. Ölkəmizin iqtisadi və hərbi potensialı, əhalinin həyat səviyyəsi əhəmiyyətli dərəcədə yüksəlib.

Artıq neçə ildir ki, respublikamız iqtisadi inkişaf tempinə görə dünyanın lider dövlətlərindəndir. Bu gün Azərbaycan, həm də əmin-amanlığın yüksək səviyyədə qorunduğu təhlükəsiz ölkələrdən olmaqla asayişin təmini, cinayətkarlıqla mübarizə sahəsində əldə edilmiş müsbət nəticələrə görə MDB, eləcə də Şərqi Avropa məkanında öncül mövqe tutur.

Sonra tədbirə dəvət olunmuş Milli Məclisin deputatı, Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının sədri Azay Quliyev "Heydər Əliyev və vətəndaş cəmiyyəti quruculuğu", Ombudsman Aparatının rəhbəri, hüquq elmləri üzrə fəlsəfə doktoru Aydın Səfixanlı "Heydər Əliyev Azərbaycan Ombudsman təsisatının yaradıcısı kimi", eyni zamanda, Daxili Qoşunların komandanının müavini, general-mayor Vidadi Əliyev "Daxili Qoşunların yaradılmasında və formalaşdırılmasında Heydər Əliyevin rolu", Polis Akademiyasının baş müəllimi, hüquq elmləri üzrə fəlsəfə doktoru, polis polkovnik-leytenantı Rəsul Rüstəmov "Azərbaycanda cinayətkarlığa qarşı mübarizədə, qanunvericiliyin və hüquq qaydalarının möhkəmləndirilməsində Heydər Əliyevin rolu" və DİN-in Şəxsi Heyətlə İş İdarəsinin rəisi, polis polkovniki Rahib Qarayev "Daxili işlər orqanları əməkdaşlarının milli vətənpərvər ruhda tərbiyə olunmasında Heydər Əliyevin rolu" mövzularında çıxışlar ediblər.

Tədbirə yekun vuran nazir, general-polkovnik Ramil Usubov xalqımızın demokratik, hüquqi dövlətdə yaşamaq ideallarının real və dayanıqlı əsaslar üzərində gerçəkləşməsinin məhz ümummilli liderin yaratdığı, nəsillərə əmanət etdiyi, milli sərvətimiz olan sabitliklə bilavasitə bağlılığını bir daha xatırladıb, onu qorumağın, möhkəmlətməyin, dönməzliyini təmin etməyin isə hər birimizin müqəddəs vəzifə və vətəndaşlıq borcu olduğunu vurğulayıb.

Daxili işlər naziri Heydər Əliyev siyasi kursu və ümummilli liderimizin müəllifi olduğu milli inkişaf strategiyasının Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyevin rəhbərliyi ilə ilbəil böyük nailiyyətlərlə müşayiət olunacağına, bu yolda daxili işlər orqanlarının və Daxili Qoşunların şəxsi heyətinin üzərlərinə düşən məsul vəzifələrin öhdəsindən bundan sonra da layiqincə gələcəyinə əminliyini bildirib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti