...

Batumidə Heydər Əliyevin 90 illik yubileyi münasibətilə təntənəli mərasim keçirilib (FOTO)

Siyasət Materials 11 May 2013 02:11 (UTC +04:00)

Azərbaycan, Bakı, 11 may /Trend/

Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin anadan olmasının 90 illiyi və Respublika Günü ilə bağlı Azərbaycan Respublikasının Batumi şəhərindəki Baş Konsulluğu tərəfindən təntənəli mərasim keçirilib.

Baş Konsulluqdan Trend-ə verilən məlumata görə, tədbirdə Acarıstan Muxtar Respublikası hökumətinin sədri Arçil Xabadze, Acarıstan MR Ali Sovetinin sədri Avtandil Beridze, Mesti şəhərinin meri Kapiton Jorjoliani, Acarıstan MR-in maliyyə və iqtisadiyyat naziri David Baladze, Acarıstan MR-in mədəniyyat və idman nazir Qiya Tavamaişvili, Acarıstan MR Ali Sovetinin deputatları, bələdiyyə rəhbərləri, hökumət aparatının, meriyanın və nazirliklərin məsul işçiləri, Batumidə akkreditə olunmuş diplomatik nümayəndəliklərin rəhbərləri, Batumi Dövlət Universitetinin müəllim və tələbə heyəti, Kulevi terminalının və Gürcüstanda fəaliyyət göstərən "SOCAR" şirkətinin nümayəndələri, Batumi dəniz limanı və terminalının rəhbər heyəti, Acarıstan MR-də fəaliyyət göstərən icmaların rəhbərləri, Acarıstanın ziyalıları və Azərbaycan icmasının üzvləri iştirak ediblər.

Tədbir Acarıstan simfonik orkestrinin kvartetinin ifasında Azərbaycan və Gürcüstanın dövlət himnlərinin səslənməsi ilə başlanıb.

Qonaqları salamlayan baş konsul Hüseyn Nəcəfov may ayında Azərbaycan üçün iki əlamətdar hadisənin - Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin anadan olmasının 90 illiyi və Azərbaycan Xalq Cümhuriyyətinin yaradılmasının 95-ci ildönümünün təntənəli surətdə qeyd edildiyini bildirib.

Nəcəfov ümummilli lider Heydər Əliyevin Azərbaycan Respublikasının müstəqilliyinin bərpa olunub qorunmasında və beynəlxalq arenada mövqeyinin möhkəmləndirilməsində, iqtisadi və siyasi islahatların həyata keçirilməsində son dərəcə mühüm rolunu qeyd edib. Baş konsul ümummilli liderin siyasəti nəticəsində bu gün Azərbaycanın dünyada sürətlə inkişaf edən ölkələrdən biri olduğunu öz bildirib. Nəcəfov Prezident İlham Əliyevin hazırda apardığı islahatların Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin uzaqgörən siyasətinin məntiqi davamı olduğunu, onun praqmatik daxili və xarici siyasəti nəticəsində Azərbaycanın müxtəlif sahələrdə böyük müvəffəqiyyətlər qazandığını bildirib.

Daha sonra baş konsul mərasimdə 95 il əvvəl 1918-ci ilin may ayının 28-də Tbilisidə şərqdə ilk demokratik respublikanın yaradıldığını bəyan edən Müstəqillik Bəyannaməsinin qəbul edildiyini qeyd edib.

Nəcəfov bildirib ki, 1988-ci ildən etibarən Azərbaycan xalqı, Azərbaycan Respublikası Ermənistan tərəfindən təcavüzə məruz qalıb. Ermənistanla müharibə vəziyyətində olmasına baxmayaraq, Azərbaycan iqtisadi, siyasi və diplomatik sahələrdə kifayət qədər əhəmiyyətli uğurlara nail olub. Bu uğurlar uzun illər ərzində Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin adı ilə bilavasitə bağlıdır.

Çıxışının sonunda baş konsul son dövrdə iqtisadiyyat, mədəniyyət və idman sahələrində Azərbaycanın Respublikasının əldə etdiyi uğurlar haqqında tədbir iştirakçılarına geniş məlumat verib. Baş konsul həmçinin qeyd edib ki, 2015-ci ildə ilk dəfə olaraq Azərbaycan Avropa Oyunlarını qəbul etmək hüququnu qazanıb.

Acarıstan Muxtar Respublikası hökumətinin sədri Arçil Xabadze öz çıxışında bugünkü və gələcək Azərbaycanın yaradılmasında Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin böyük rolunu qeyd edib: "Bu əlamətdar gündə, Azərbaycan xalqının böyük oğlunun anadan olmasının 90-cı ildönümündə Azərbaycanın yeni tarixində onun rolunu qeyd etməmək mümkün deyil. İki qardaş arasında dostluq münasibətlərinin təməlini məhz o qoyub. Bundan sonra ölkələrimiz arasında münasibətlərin inkişafı xüsusilə müsbət xarakter alıb. Bu gün həmin kurs Azərbaycan Prezidenti İlham Əliyev tərəfindən daha da möhkəmləndirilir".

Xabadze dövlətlərimiz arasında qarşılıqlı əlaqələrdə onun vacib rolunu və iki xalqı möhkəm dostluq və qarşılıqlı hörmət hissinin birləşdirdiyini vurğulamaqla bunu unutmamağın və qorumağın zəruri olduğunu bildirib.

Çıxışının sonunda Acarıstan Muxtar Respublikası hökumətinin sədri bütün azərbaycanlıları və ölkə vətəndaşlarını ümummilli lider Heydər Əliyevin anadan olmasının 90 illiyi və Azərbaycan Xalq Cümhuriyyətinin yubileyi münasibətilə təbrik edib.

Tədbirdə, həmçinin Acarıstan MR Ali Sovetinin sədri Avtandil Beridze çıxış edib. O, öz nitqində ümummilli llider Heydər Əliyevin anadan olmasının 90 illiyi və Azərbaycan Xalq Cümhuriyyətinin yubileyi münasibətilə Azərbaycan xalqını təbrik edib. Beridze ümummilli lider Heydər Əliyevin Azərbaycanın və Gürcüstanın siyasi və iqtisadi inkişafında, iki müstəqil ölkə arasında dostluğun daha da möhkəmləndirilməsində əvəzolunmaz rol oynadığını qeyd edib.

Mərasim əsnasında Heydər Əliyevin həyat və görkəmli fəaliyyətinə həsr olunmuş fotosərgi, Azərbaycan Mədəniyyət və Turizm Nazirliyi tərəfindən hazırlanmış "Əbədiyyət yolu" sənədli filmi və Azərbaycan mövzusunda slayd-şou nümayiş etdirilib. Acarıstan simfonik orkestrinin ifasında azərbaycanlı və gürcü bəstəkarların, həmçinin dünya klassiklərinin əsərləri səsləndirilib.

Tədbirdə Baş Konsulluq tərəfindən ziyafət verilib.

Batumidə keçirilmiş tədbir və baş konsulun müsabiqəsi "TV 25" və "Ajara TV" telekanallarında nümayiş olunub.

Xəbər lenti

Xəbər lenti