Azərbaycan, Bakı, 15 may / Trend, müxbir M.Əliyev/
Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu, İnsan haqları və Sosial siyasət komitələrinin birgə iclasında yeni hazırlanan "İctimai iştirakçılıq haqqında" qanun layihəsi müzakirəyə çıxarılıb.
Trend-in məlumatına görə, layihə barədə məlumat verən deputat Azay Quliyev bildirib ki, layihəyə ikinci oxunuşda edilən əlavələr siyasi plüralizm, yazılı məsləhətləşmə və sairə ilə bağlıdır.
O qeyd edib ki, qanun layihəsində nəzərdə tutulan ictimai iştirakçılığın prinsipləri siyahısına siyasi plüralizm və bərabərlik, ayrı-seçkiliyə yol verilməməsi prinsipləri də əlavə olunub. Həmçinin ictimai iştirakçılığın formalarına yazılı məsləhətləşmələr əlavə olunub. Əlavə olan təkliflər arasında bir şəxsin yalnız bir dəfə İctimai Şuranın üzvü ola biləcəyi də var.
Milli Məclisin Sosial siyasət komitəsinin sədri Hadı Rəcəbli müzakirələr zamanı deyib ki, layihə demokratik dövlət quruculuğunda kulminasiya nöqtələrindən biridir və Azərbaycan artıq buna çatıb.
Milli Məclisin İnsan haqları komitəsinin sədri Rəbiyyət Aslanova bildirib ki, layihədə xeyli təkrarçılığa yol verilib. O, İctimai Şuranın səlahiyyət müddətinin 2 il olmasına etiraz edib və əvvəlki variantda 3 il nəzərdə tutulduğunu və həmin variantın daha məqbul olduğunu qeyd edib.
Deputat Fazil Mustafa müzakirələr zamanı bildirib ki, qanunun işlək mexanizminin olacağını hesab etmir:
"Azərbaycanda məmur-vətəndaş münasibətləri elə bir səviyyədədir ki, bu qanunun işlənməsi real görünmür".
4 fəsil 19 maddədən ibarət yeni qanunda ictimai iştirakçılığın təşkilati-hüquqi formaları təsbit olunub. Bunlar İctimai Şura, ictimai müzakirə, ictimai dinləmə, ictimai rəyin öryənilməsi və ictimai ekspertizadır.
Sənəddə o da göstərilib ki, qanunvericiliklə ictimai iştirakçılığın digər təşkilati-hüquqi formaları da müəyyən edilə bilər.
Burada İctimai Şura müvafiq icra hakimiyyəti orqanlarının və yerli özünüidarəetmə orqanlarının yanında yaradılan məşvərətçi qurumdur, səlahiyyət müddəti isə 2 ildir. İctimai Şura 15-21 üzvdən ibarət tərkibdə bu qanunla müəyyən edilmiş tələblər nəzərə alınmaqla müvafiq icra hakimiyyəti orqanının təsdiq etdiyi əsasnaməyə uyğun olaraq vətəndaş cəmiyyəti institutu tərəfindən seçilir. 18 yaşına çatmış, seçki hüququna malik hər bir vətəndaş İctimai Şuranın üzvü ola bilər. Şuradakı fəaliyyətinə görə üzvlərə əməkhaqqı, qonorar, kompensasiya və başqa ödənişlər verilmir. İctimai Şuradakı fəaliyyətləri dövründə onların əsas iş yerlərindəki əməkhaqları və başqa ödənişlər saxlanılır.