Azərbaycan, Bakı, 16 may /Trend, müxbir E.Mehdiyev/
"Mən heç nədən şikayətlənməmişəm, Milli Şura mənim heç yadıma da düşmür. Arabir jurnalistlər sual verirlər, onda cavab verirəm".
Bu barədə Trend-ə Azərbaycan Demokrat Partiyasının sədri Sərdar Cəlaloğlu ADP-nin Milli Şura ilə bağlı danışıqlara dəvət olunmamasından şikayətləndiyi haqda yayılan məlumata münasibət bildirərkən deyib.
"Sadəcə məndən soruşublar ki, dəvət almısınız? Mən də demişəm ki, yox. Bu o deməkdir ki, mən şikayət edirəm? Bu bir, ikincisi də ki, mən nəyə görə, kiminsə öz maraqlarına uyğun yaratdığı bir şeydə iştirakda xüsusi maraqlı olmalıyam, nəyimə lazımdır ki?"
Cəlaloğlu, təklif olunacağı halda belə rəhbərlik etdiyi partiyanın dərhal müsbət cavab verməyəcəyini də deyib:
"Guya elə bizimlə danışıq aparmaq istəsələr, biz razılıq verəcəyik? Maraqlanmayacağıq ki, bizi hara dəvət edirlər, niyə dəvət edirlər?".
O, bu prosesdə təzə bir simanın olmadığını vurğulayıb:
"Burada təzə simar yoxdur ki. Eldəniz Quliyev kimdir bilirik, Əli Kərimli, İsa Qəmbər, Eldar Namazovun da kim olduqlarını bilirik. Təzə bir fiqur yoxdur ki, baş sındıraq".