Azərbaycan, Bakı, 16 may /Trend/
Azərbaycanın Belçikadakı səfirliyi və ARDNŞ-in (Azərbaycan Respublikası Dövlət Neft Şirkəti) Brüssel ofisinin təşkilatçılığı ilə Avropa Parlamentində "Azərbaycan gecəsi" adlı tədbir keçirilib.
Səfirlikdən Trend-ə verilən məlumata görə, tədbirdə Avropa Parlamentinin deputatları, Azərbaycan Parlamentinin deputatı Səməd Seyidov, Avropa Parlamenti Aparatının əməkdaşları, Avropa İttifaqının müxtəlif qurumlarının nümayəndələri, yerli KİV nümayəndələri, Belçika ictimaiyyətinin və Belçika, Niderland və Lüksemburqda fəaliyyət göstərən Azərbaycan diaspor təşkilatlarının nümayəndələri, bu ölkədə təhsil alan azərbaycanlı tələbələr iştirak ediblər.
Tədbir rəsmi çıxışlardan sonra Azərbaycanın əməkdar artisti Emil Əfrasiyabın ifasında caz konserti ilə davam etdirilib və qonaqlar Azərbaycan mətbəxinə aid təamları dadmağa dəvət olunublar.
Tədbirdə Azərbaycanın Belçikadakı səfiri Fuad İsgəndərov, avropalı deputat xanım Kristina Oyland, Səməd Seyidov çıxış edərək, Azərbaycanın son 20 ildə qət etdiyi yol, Avropa İttifaqı - Azərbaycan əlaqələri və Azərbaycan mədəniyyəti və müsiqisinin zənginlikləri barədə tədbir iştirakçılarına məlumat veriblər.
Tədbir Brüsseldə fəaliyyət göstərən xəbər agentlikləri tərəfindən geniş şəkildə işıqlandırılıb.