Azərbaycan, Bakı, 17 may /Trend, müxbir E.Mehdiyev/
Gələn ay Polşadan Bakıya üç nümayəndə heyətinin səfəri gözlənilir. Trend-in məlumatına görə, bu barədə Polşanın Azərbaycandakı səfiri Mixal Labenda bildirib.
Səfir qeyd edib ki, Polşanın daxili işlər nazirinin müavini Pyotr Staxançik iyunun 13-ü Azərbaycana səfər edəcək və səfər çərçivəsində əsas müzakirə mövzusu sərhədlərin qorunması olacaq.
Onun ardınca, iyunun 20-də Xarici İşlər Nazirliyinin nümayəndə heyəti Azərbaycana səfər edəcək və səfər zamanı iki ölkə arasında iqtisadi əlaqələrin daha da inkişaf etdirməsi ilə bağlı məsələlər müzakirə olunacaq.
İyunda Polşadan sonuncu səfər ayın 21-də gerçəkləşəcək. Bu tarixdə Polşanın nəqliyyat naziri Slavomir Novak Bakıya gələcək. Səfər çərçivəsində nazir Azərbaycanda bir sıra rəsmi görüşlər keçirəcək və görüşlər nəticəsində iki müqavilənin imzalanması gözlənilir.
Səfir, həmçinin vurğulayıb ki, Azərbaycanda keçiriləcək prezident seçkilərdən sonra hökumətlərarası komissiyanın növbəti iclasının baş tutacağı da gözlənilir.