...

Milli Şuranın təsis yığıncağında vahid namizəd qalmaqalı

Siyasət Materials 7 İyun 2013 15:34 (UTC +04:00)
Trend-in məlumatına görə, təsis yığıncağını Ziyalılar Forumunun üzvü Cəmil Həsənli açaraq yığıncağın gündəliyi və digər məsələlər barədə məlumat verib.
Milli Şuranın təsis yığıncağında vahid namizəd qalmaqalı

Azərbaycan, Bakı, 7 iyun /Trend, müxbir E.Mehdiyev/

Bu gün Bakıda müxalifətin Milli Şura adlandırdığı qurumun təsis yığıncağı keçirilib.

Trend-in məlumatına görə, təsis yığıncağını Ziyalılar Forumunun üzvü Cəmil Həsənli açaraq yığıncağın gündəliyi və digər məsələlər barədə məlumat verib.

Lakin yığıncağın gündəliyi etirazla qarşılanıb. Hüquq müdafiəçisi Leyla Yunus söz alaraq, yığıncağın gündəliyinə Milli Şuranın vahid namizədinin müəyyənləşdirilməsi məsələsinin daxil edilmədiyini irad tutaraq bu məsələnin gündəliyə daxil edilməsini təklif edib. Leyla Yunus qeyd edib ki, Milli Şuranın əsas vəzifəsi qarşıdan gələn prezident seçkilərində vahid namizədlə iştirak etmək olduğu üçün bu məsələnin bu gün həll olunması vacibdir.

Cəmil Həsənli isə bu məsələnin qurumda təmsil olunan siyasi partiyalarla hələ razılaşdırılmadığını, tezliklə razılaşdırılaraq müzakirəyə çıxarılacağını bildirib. Lakin Leyla Yunus bu məsələdə israrlı olduğunu qeyd edərək təklifinin səsə qoyulmasını tələb edib.

Daha sonra Acıq Cəmiyyət Partiyasının sədri Sülhəddin Əkbər söz alaraq hələ bu məsələni müzakirə etməyin tez olduğunu qeyd edib və Leyla Yunusu öz təklifini geri götürməyə çağırıb.

Müsavat Partiyasının Mərkəzi icra aparatının rəhbəri Arif Hacılı da razılaşdırılmamış məsələnin gündəliyə salınmasının məqsədəuyğun olmadığını diqqətə çatdırıb. O bu məsələnin səsə qoyulmamasını təklif edib.

Daha sonra Azərbaycan Liberal Partiyasının sədri Əvəz Temirxan Leyla Yunusun təklifinə dəstək verərək məsələnin səsə qoyulmasını təklif edib. O, rəhbərlik etdiyi partiyanın Rüstəm İbrahimbəyovu dəstəklədiyini diqqətə çadtıraraq vahid namizəd məsələsinin tezliklə həlinin vacibliyini vuğulayıb.

Milli Şuranın təsisçilərindən olan "EL" hərəkatının rəhbəri Eldar Namazov da söz alaraq vahid namizədin Rüstəm İbrahimbəyov olduğunu vurğulayıb. Lakin o bu məsələnin gündəliyə daxil edilməsini məqsədəuyğun hesab etmədiyini bildirərək Leyla Yunusu təklifini geri götürməyə çağırıb.

Lakin Leyla Yunus bir daha israr edərək vahid namizəd məsələsinin səsə qoyulmasını tələb edib. Mübahisələrin sonunda təklif səsə qoyulub, lakin səs çoxluğu ilə təklifin gündəliyə salınmasından imtina edilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti