...

Vladimir Doroxin: Rusiya-Azərbaycan münasibətləri tarixin sınağından çıxıb

Siyasət Materials 11 İyun 2013 14:37 (UTC +04:00)
1990-cı il iyunun 12-də, yəni 23 il əvvəl Rusiya Sovet Federativ Sosialist Respublikasının Ali Şurası Rusiyanın dövlət suverenliyi haqqında aktı qəbul edib.
Vladimir Doroxin: Rusiya-Azərbaycan münasibətləri tarixin sınağından çıxıb

Azərbaycan, Bakı, 11 iyun /Trend, müxbir E.Tariverdiyeva/

1990-cı il iyunun 12-də, yəni 23 il əvvəl Rusiya Sovet Federativ Sosialist Respublikasının Ali Şurası Rusiyanın dövlət suverenliyi haqqında aktı qəbul edib. Bunu Rusiya Günü ərəfəsində Trend-ə eksklüziv müsahibəsində Rusiya Federasiyasının Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Vladimir Doroxin bildirib.

Səfirin sözlərinə görə, bu qərar hər bir rusiyalının həyatını radikal olaraq dəyişdi: "Rusiya SSRİ-nin digər ölkələri kimi sərbəst inkişaf yolunu seçib. Kommunizm modelindən imtina edilərək bazar, demokratiya və plüralizm modelinə keçildi".

Onun sözlərinə görə, bu dramatik dönüşü insan kimi yaşamaq çox ağır idi, üstəlik onun sosial-iqtisadi məsrəfləri ağır yük olaraq hər şeydən əvvəl sadə insanların çiyinləri üzərinə düşdü.

Doroxin bildirib: "Lakin ictimai rəy sorğuları göstərir ki, 90-cı illərin əvvəlində Rusiyanın tarixi seçiminin düzgün olduğunu hesab edənlərin sayı ildən-ilə artır".

Səfir qeyd edib ki, onların niyyətlərinin səbəbi aydındır: "Rusiya bu illər ərzində sabit inkişaf edir. Dünya maliyyə böhranına baxmayaraq, iqtisadiyyat artım nümayiş etdirir, biz heç bir sosial proqramdan imtina etmədik".

Səfirin sözlərinə görə, iddialı və qabiliyyətli insanlar özlərini doğrultmaq üçün belə imkanlara malikdirlər: "İndiyədək belə imkanlar mövcud olmayıb. Rusiya beynəlxalq arenada öz siması olan ölkə qismində çıxış edir. Rusiyanın roluna real tələbat var".

Doroxin deyib: "Təbii ki, problemlər çoxdur. Lakin fikrimcə, nikbinlik üçün əsas çoxdur".

Rusiyanın xarici siyasi prioritetləri

Səfir bildirib: "Rusiyanın xarici siyasi prioritetləri barədə sualı cavablandırmaq üçün ölkənin xarici siyasət konsepsiyasının bir neçə bölməsindən sitat gətirməli idim, bu isə onlarla səhifədən ibarətdir. Bir çox nüanslar mövcuddur".

Doroxinin sözlərinə görə, əgər qısa danışsaq, o zaman Rusiyanın marağı bütün hallarda beynəlxalq hüququn aliliyini təmin etmək, dövlətlərin suverenliyinə hörmət etmək, onların daxili işlərinə qarışmamaqdan ibarətdir.

Diplomat deyib: "Qərbdəki tərəfdaşlarımız yaranan problemlərin həllində bəzən öz tarixi təcrübələrinə əsaslanmış yanaşmalara təkid etməyə meyillidirlər. Təbii ki, bu təcrübə müsbətdir, nailiyyətlər isə təsiredicidir. Lakin hər bir ölkənin öz yolu var. Və ona hörmət etmədən ədalətli dünya quruluşu olmayacaq".

Rusiya və keçmiş SSRİ dövlətləri

Səfir bildirib: "SSRİ dağılan və keçmiş sovet ölkələri müstəqil olan zaman SSRİ Xarici İşlər Nazirliyində işləyirdim. Bu, bizim üçün əsl şok oldu. Biz nə mənəvi, nə də peşəkar olaraq keçmiş sovet ölkələri ilə "bərabər əsas"da işləməyə hazır deyildik".

Onun sözlərinə görə, keçmiş sovet məkanında məqsədyönlü və düşünülmüş konsepsiya yox idi və yəqin ki, ola da bilməzdi: "Çünki hər şey tez bir zamanda və gözlənilmədən baş verdi".

Onun sözlərinə görə, 20 ildən sonra vəziyyət əsaslı şəkildə dəyişdi: "Hazırda SSRİ üzrə keçmiş tərəfdaşlarla bütün səviyyələrdə iş mütləq prioritet hesab edilir".

Doroxin qeyd edib ki, keçmiş sovet ölkələri ilə inteqrasiyanın prinsipləri hazırlanıb, hər bir ölkə üzrə istiqamətlər müəyyənləşdirilib: "Azərbaycan ilə də hər şey heç də asan başlamadı. Sizin oxucularınız, şübhəsiz, bu barədə bilirlər. Bəziləri öz təcrübəsindən, digərləri isə məqalələrdən bilirlər. Lakin ən əsası odur ki, Heydər Əliyev və Vladimir Putin sayəsində Rusiya-Azərbaycan münasibətləri tarixin sınağından çıxan prinsiplər əsasında qurulub".

Səfir hesab edir ki, bu, şübhəsiz, bir-birinin suverenlyinə və müstəqilliyinə hörmətdir: "Rusiya Azərbaycana dostcasına və simpatiya ilə yanaşır".

O bildirib ki, lakin bizim münasibətlərimiz praqmatik əsasa söykənir. Bu, qarşılıqlı anlayış və hörməti qorumaqla ölkələrimizə istər Qəbələ RLS, Bakı-Novorossiysk neft kəməri, istərsə də digər məsələlərdə öz milli maraqlarına uyğun olaraq, qətiyyətlə fəaliyyət göstərmək imkanı yaradır.

Dağlıq Qarabağ münaqişəsinə gəlincə, diplomat deyib ki, hamıya məlum olan prinsiplər əsasında həll yolu axtarmaq üçün münaqişəyə cəlb edilmiş tərəflərin, həmçinin vasitəçilərin səylərini iki dəfə və hətta üç dəfə artırmaq lazımdır.

Səfir deyib ki, ATƏT-in Minsk qrupunun həmsədr ölkələrindən biri kimi Rusiya buna hazırdır.

Dünyada rusdilli məkanın saxlanılması

Doroxinin sözlərinə görə, həqiqətən də dünyada rus dili və mədəniyyətinə böyük maraq var: "Rusiyanın vəzifəsi bu marağı Fransanın frankdilli, İngiltərənin ingilisdilli, Almaniyanın almandilli məkana qarşı etdiyi kimi sivil vasitələrlə dəstəkləməkdir".

O qeyd edib ki, Azərbaycanda isə rus dilinin qorunmasına görə mübarizə aparmaq lazım deyil.

Diplomatın sözlərinə görə, burada öz iradəsi ilə rusdilli informasiya, mədəni və tədris sahəsinə can atan insanların tələbatlarını tam həyata keçirmək üçün bütün şərait yaradılıb.

Səfir V.Doroxin bildirib: "Azərbaycanda səfir işlədiyim 4 il ərzində müsbət dinamika müşahidə edirəm. Humanitar sahə iki ölkə münasibətlərinin vacib elementidir. Hətta demək olar ki, əlaqələrin bazisidir. Və bu, ölkələrimiz və xalqlarımızın əsas maraqlarına cavab verir".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti