...

İspaniya Azərbaycanın notasına cavab verdi (ƏLAVƏ OLUNUB)

Siyasət Materials 12 İyun 2013 16:39 (UTC +04:00)
İspaniya XİN opera müğənnisi Monserrat Kabalyenin Azərbaycanın işğal olunmuş ərazilərində verdiyi konsertlə bağlı Azərbaycan tərəfinin notasına cavab verib.
İspaniya Azərbaycanın notasına cavab verdi (ƏLAVƏ OLUNUB)

Azərbaycan, Bakı, 12 iyun /Trend/

İspaniya XİN opera müğənnisi Monserrat Kabalyenin Azərbaycanın işğal olunmuş ərazilərinə səfəri ilə bağlı Azərbaycan tərəfinin notasına cavab verib.

Diplomatik missiyadan Trend-ə verilən məlumatda bildirilir: "Madriddə yerləşən Azərbaycan səfirliyinə təqdim edilən İspaniya XİN-in cavabında deyilir ki, şəxsi təşəbbüs nəticəsində həyata keçirilən belə səfərlər İspaniyanın bu məsələ ilə bağlı rəsmi mövqeyini dəyişə bilməz".

Məktubda qeyd olunur ki, İspaniya digər beynəlxalq hüquqi prinsiplər kimi ərazi bütövlüyü prinsipini tanıyır və Dağlıq Qarabağ münaqişəsinin dinc yolla nizama salınması üçün beynəlxalq birliyin səylərini dəstəkləyir.

Qeyd edək ki, iyunun 5-də opera müğənnisi Monserrat Kabalyenin Dağlıq Qarabağa qanunsuz səfər etməsi ilə əlaqədar Azərbaycan İspaniyaya nota verib.

Azərbaycanın İspaniyadakı səfiri Altay Əfəndiyev Monserrat Kabalye ilə görüş tələb edib. O, görüş zamanı Azərbaycan mədəniyyət və turizm naziri Əbülfəs Qarayevin məktubunu təqdim etmək niyyətindədir.

Məktubda belə səfərlərin ikitərəfli münasibətlərə zərər verəcəyi bildirilir. Mədəniyyət naziri, həmçinin Kabalyeni Azərbaycana səfər etməyə çağırır.

Azərbaycanlı səfir, həmçinin mədəniyyət və turizm naziri Qarayevin məktubunu ispaniyalı həmkarına təqdim edib. Məktubda yenə də müğənninin Dağlıq Qarabağa qanunsuz səfəri ilə əlaqədar narazılıq ifadə olunur.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti