...

Hakim partiya Abbas Abbasovun bəyanatına münasibət bildirdi

Siyasət Materials 13 İyun 2013 12:50 (UTC +04:00)
Azərbaycan adını daşıyan, azərbaycanlı olan hər kəs hansı ölkədə yaşamasından asılı olmayaraq milli maraqları qorumalı, buna uyğun hərəkət etməlidir.
Hakim partiya Abbas Abbasovun bəyanatına münasibət bildirdi

Azərbaycan, Bakı, 13 iyun /Trend, müxbir M.Əliyev/

Azərbaycan adını daşıyan, azərbaycanlı olan hər kəs hansı ölkədə yaşamasından asılı olmayaraq milli maraqları qorumalı, buna uyğun hərəkət etməlidir.

Trend-in məlumatına görə, bunu jurnalistlərə açıqlamasında hakim Yeni Azərbaycan Partiyasının (YAP) sədr müavini- icra katibi, deputat Əli Əhmədov Abbas Abbasovun son günlər yaydığı bəyanata münasibət bildirərkən deyib.

O qeyd edib ki, Abbas Abbasovun Azərbaycanla bağlı çirkli işlərdə iştirak etməsi ilə bağlı fikirlər səslənməkdədir: "Əgər bu faktlar həqiqətə uyğundursa biz buna böyük təəssüf edirik".

Abbasovun Azərbaycanda uzun müddət yüksək dövlət vəzifələrini icra etməsini xatırladan Əhmədov qeyd edib ki, Heydər Əliyev ona böyük ehtimad göstərib: "Ondan sonra Azərbaycan Prezidenti İlham Əliyev də ona böyük ehtimad göstərib. Əgər bütün bu ehtimatlardan sonra o Azərbaycanda Heydər Əliyev xəttinin həyata keçirilməsinə qarşı çıxan hərəkətlər edəcəksə, Azərbaycan vətəndaşları bunu qəti şəkildə pisləyəcəklər. Ona görə də hesab edirəm ki, Abbas Abbasov bundan ciddi nəticələr çıxartmalıdır".

Əhmədov bildirib ki, Azərbaycan seçicilərinin böyük əksəriyyəti İlham Əliyevi birmənalı olaraq dəstəkləyəcək.

"Azərbaycan seçicilərini birləşdirən böyük amillərdən biri seçkiqabağı kampaniyada İlham Əliyevin namizədliyinin irəli sürülməsidir. Eyni zamanda onu da görürəm ki, təkcə Azərbaycanda deyil, Azərbaycandan kənarda da yaşayan azərbaycanlılar İlham Əliyevin namizədliyini Azərbaycanın inkişafına təkan verə biləcək, təmin edəcək zəruri hal hesab edirlər. Bütün bu reallıqları nəzərə alaraq hesab edirəm ki, bunlara qarşı gedənlər əslində Azərbaycana qarşı durmuş olurlar. Azərbaycan vətəndaşları da buna qarşı sərt mövqelərini bildirəcəklər".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti