Azərbaycan, Bakı, 1 iyul /Trend/
Azərbaycan gənclər ölkəsidir. Gənclərə diqqət və qayğı dövlətin siyasətində prioritet istiqamətlərdəndir. Gəncləri Azərbaycanın gələcəyi kimi dəyərləndirən ulu öndər Heydər Əliyevin bu tezisinin davamı olaraq dövlət başçısı İlham Əliyev bildirir ki, müasirləşmə, yeniləşmə dövlət siyasətinin düzgün qurulmasından, eyni zamanda gənclərin fəaliyyətindən asılıdır.
Ölkənin ictimai-siyasi həyatında aparıcı rol oynayan Yeni Azərbaycan Partiyasının sıralarında birləşən 600 mindən artıq üzvün 40 faizini gənclərin təşkil etməsi də onlara olan diqqət və qayğıdan qaynaqlanır. Gənclərin partiyaya axını onların Heydər Əliyev ideyalarına sədaqətlərini, Prezident İlham Əliyevin siyasətinə inamlarını ifadə etməklə yanaşı, bir daha bu reallığı da təsdiqləyir ki, onlar YAP-ın sıralarına qoşulmaqla öz potensiallarından səmərəli istifadə etmək, dövlətə, dövlətçiliyə xidmət etmək üçün böyük meydan görürlər. YAP rəhbərliyi gənclərin siyasi fəallığının artırılması, asudə vaxtlarının səmərəli təşkili, beynəlxalq əlaqələrin genişlənməsi, ümumiyyətlə ayrı-ayrı sahələr üzrə müxtəlif layihələrin həyata keçirilməsinə xüsusi diqqət yetirir. Bu layihələr sırasında 2007-ci ildən başlayaraq hər il keçirilən yay və qış liderlik məktəblərini xüsusi qeyd etmək istərdik. Bu layihələrin əsas məqsədi Azərbaycan ərazisində yaşayan bütün gənclərin bir-birini daha yaxından tanımasını, onların arasında səmimi münasibətlərin yaradılmasını, ölkədə ictimai həyatın istənilən sahəsində dinamik inkişaf haqqında onlara dolğun məlumatların çatdırılmasını, tanınmış siyasətçilərlə onların görüşlərinin təşkil edilməsini, gələcəkdə müxtəlif sahələrdə çalışacaq bu gənclərdə liderlik kimi mühüm xüsusiyyətlərin formalaşdırılmasını təmin etməkdir.
Artıq iyunun 30-dan YAP Gənclər Birliyinin təşkil etdiyi "Gənc liderlər-gənc siyasətçilər" "Yay məktəbi"nə start verilib. Hər il olduğu kimi, bu il də "Yay məktəbləri" ölkəmizin gözəl guşələrində təşkil olunur. İyunun 30-dan iyulun 5-dək davam edəcək məktəb çərçivəsində 70-ə yaxın fəal gənc Oğuz rayonunda olacaq.
İyunun 30-da "Yay məktəbi"nin açılışı olub. Rayonla ümumi tanışlıqdan sonra gənclərlə görüşlər keçirilib, müxtəlif mövzular ətrafında fikir mübadiləsi aparılıb.
Qrup rəhbəri YAP Siyasi Şurasının üzvü, "İki sahil" qəzetinin baş redaktoru Vüqar Rəhimzadə Azərbaycan dövlətinin, Yeni Azərbaycan Partiyasının gənclərə diqqət və qayğısından, onların öz potensiallarından səmərəli istifadə etmələri üçün yaradılan şəraitdən bəhs edib. Bu fikir xüsusi qeyd olunub ki, gənclərimiz onlara yaradılan bu şəraitdən səmərəli istifadə etməli, günbəgün qüdrətlənən, güclənən Azərbaycana öz töhfələrini verməlidirlər. Bunun üçün gənclər elmin sirlərinə dərindən yiyələnməli, ölkənin ictimai-siyasi həyatında fəal iştirak etməli, ən əsası Azərbaycan reallıqlarının təbliğində fəal olmalıdırlar. Azərbaycan gəncləri böyük qüvvədir. Birgə səylər, qarşıya qoyulan hər bir məqsədə yüksək səviyyədə nail olmağa stimul verir.
V.Rəhimzadə "Yay məktəbi"nin əhəmiyyətindən, gənclərin intellektual səviyyəsinin artırılmasına, gənclər arasında əlaqələrin inkişafına öz müsbət təsirini göstərməsindən danışdı.
İyulun 1-də "Gənclərin seçki hazırlığı- seçki prosesi" mövzusunda təqdimat keçirilib. Təqdimatda gənclərə seçki prosesinin əhəmiyyəti, ölkənin inkişafında, tərəqqisində rolu barədə fikir mübadiləsi aparılıb. Bildirilib ki, hər bir dövlətin mütərəqqi inkişafının əsası kimi dəyərləndirilən seçkilərin demokratikliyini, şəffaflığını, dünya standartlarına uyğun keçirilməsini təmin etmək üçün mühüm addımlar atılır. Daim yeniliyə, müasirliyə maraq göstərən Azərbaycan dövlətinin dünyanın qabaqcıl ölkələrinin təcrübəsinin öyrənilməsinə və tətbiqinə çalışması da seçkilərin demokratik keçirilməsində maraqlı olduğunu təsdiqləyir.
Təqdimatda gənclərin seçki proseslərində fəallığı geniş müzakirə olundu. Bildirildi ki, zaman dəyişir, hər bir dövrün öz tələbləri, öz çağırışları var. Təbii ki, yeniləşmə insanların düşüncələrində də özünü qabarıq şəkildə büruzə verir. Yeniliyi, müasirliyi yüksək dəyərləndirən Azərbaycan gəncləri seçkilərin yüksək fəallıq şəraitində keçməsi üçün ciddi səylər göstərir, ən layiqli namizədin qələbəsini təmin etmək üçün öz seçki hüquqlarından səmərəli istifadə edərək ona dəstək olurlar.
Təqdimatda çıxış edən gənclər bu fikri dəfələrlə qeyd etdilər ki, gənclərimiz Yeni Azərbaycan Partiyasının sədri, ölkə Prezidenti İlham Əliyevin ətrafında sıx birləşir, onun yenidən Prezident seçilməsinə dəstək olacaqlar. Nəinki Yeni Azərbaycan Partiyasının 600 mindən artıq üzvünün, ümumilikdə xalqımızın böyük əksəriyyətinin yeganə namizədi olan cənab İlham Əliyevin seçkilərdə qələbəsi şəksizdir. Bu inama əsas verən amil isə dövlət başçısı İlham Əliyevin son 10 ildə gördüyü işlər, Azərbaycanın uğurlarıdır.
İyulun 1-də "Yay məktəbi" çərçivəsində müxtəlif növ idman yarışları təşkil olundu. Təbii ki, bu oyunların keçirilməsində də əsas məqsəd gənclərin hərtərəfli inkişafını təmin etməkdir.
İdman sağlamlıqdır. Azərbaycan gənclərinin sağlam böyüməsi hər zaman diqqət göstərilən məsələlərdəndir.
"Yay məktəbi"nin ikinci günü komandaların təyin edilməsi ilə başa çatdı.
Təbii ki, hər gün gənclərin həyatında özəlliyi ilə fərqlənir. Bu özəlliyə səbəb onlar üçün yaradılan şəraitdir. Gənclər həm öz biliklərini artırır, eyni zamanda müxtəlif mövzular ətrafında aparılan diskussiyalar zamanı bir-birlərini daha yaxından tanımaqla, əlaqələrin qurulmasına və inkişafına nail olurlar. Bir sözlə, "Yay məktəbi" gənclər üçün həm təcrübə, həm də bilik mənbəyidir.