Azərbaycan, Bakı, 5 iyul /Trend/
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev iyulun 5-də Xorvatiya Respublikası parlamentinin sədri İosip Lekonun başçılıq etdiyi nümayəndə heyətini qəbul etmişdir.
Görüşdə ölkələrimiz arasında ikitərəfli münasibətlərin uğurla inkişaf etdiyi vurğulandı, Xorvatiyanın Avropa İttifaqına üzv qəbul olunmasından məmnunluq ifadə edildi. Ölkələrimizin bundan sonra həm ikitərəfli, həm də Azərbaycan-Avropa İttifaqı çərçivəsində fəal əməkdaşlıq edəcəyi əminliklə qeyd olundu. Xorvatiya Respublikası parlamentinin sədri İosip Lekonun Azərbaycana səfərinin ölkələrimiz arasında ikitərəfli münasibətlərin müxtəlif istiqamətlərdə, o cümlədən parlamentlərarası əməkdaşlıq sahəsində daha da genişləndirilməsi işinə xidmət edəcəyi bildirildi.