Azərbaycan, Bakı, 4 avqust /Trend/
ABŞ İranla ciddi danışıqlara hazırdır, əgər Tehran beynəlxalq öhdəliklərini yerinə yetirərsə. Trend-in RİA Novostiyə istinadən verdiyi məlumata görə, bunu Ağ Evin mətbuat katibi Cey Karni bildirib.
"Əgər yeni hakimiyyət üzərinə düşən beynəlxalq öhdəlikləri yerinə yetirərsə və problemin sülh yolu ilə həllinə kömək edərsə, o zaman Tehran ABŞ-ın timsalında səmimi tərəfdaş tapacaq" - deyə Karni bildirib.
Onun sözlərinə görə, Ruhani özü etiraf edib ki, onun seçilməsi bir daha iranlıların dəyişikliyə səy göstərməsini nümayiş etdirir.
O, deyib ki, ABŞ İran hökumətinin seçicilərin iradəsini reallaşdırmaqla onları yüksək həyat şəraitilə təmin edəcəyinə ümid edir.
"Ruhaninin andiçmə mərasimi İrana nüvə proqramı ilə bağlı beynəlxalq ictimaiyyətin narahatlığına son qoymaq üçün çevik fəaliyyət göstərmək imkanı verir" - deyə Karni əlavə edib.