...

Prezident İlham Əliyev Qaxda Olimpiya İdman Kompleksinin açılışında iştirak edib (FOTO)

Siyasət Materials 17 Avqust 2013 00:09 (UTC +04:00)
Avqustun 16-da Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Qaxda Olimpiya İdman Kompleksinin açılışında iştirak etmişdir.
Prezident İlham Əliyev Qaxda Olimpiya İdman Kompleksinin açılışında iştirak edib (FOTO)

Azərbaycan, Bakı, 17 avqust /Trend/

Avqustun 16-da Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Qaxda Olimpiya İdman Kompleksinin açılışında iştirak etmişdir.

Bu gün Azərbaycan dünyada həm də güclü idman ənənələri ilə tanınır. Çünki idmanın inkişafı ölkəmizdə dövlət siyasətinin prioritet istiqamətlərindən biridir. Son illərdə paytaxtla yanaşı, regionlarda da inşa olunan nəhəng idman kompleksləri Azərbayacanın idman potensialının nümayişi, gənclərin bu sahəyə meylinin artması ilə nəticələnmişdir. Bütün bunlar isə, ilk növbədə, dövlətimizin başçısının idmanın inkişafına göstərdiyi diqqət və qayğının bariz nümunəsidir. Prezident İlham Əliyev dəfələrlə bəyan etmişdir ki, Azərbaycanda dövlət siyasətinin əsas istiqamətlərindən biri kimi idmanın inkişafı, bu sahənin maddi-texniki bazasının möhkəmləndirilməsi daim diqqətdə saxlanılacaqdır. Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın da idmançılara diqqəti idman ictimaiyyəti tərəfindən yüksək qiymətləndirilir. Azərbaycan Gimnastika Federasiyasının prezidenti kimi Mehriban xanım Əliyevanın uğurlu fəaliyyəti bu sahədə ölkəmizin böyük nailiyyətlər qazanması ilə müşayiət olunur. İdman hərəkatının geniş vüsət aldığı Azərbaycanda Olimpiya İdman komplekslərinin, ixtisaslaşmış idman obyektlərinin inşası davamlı xarakter almışdır. Bu sırada Qax Olimpiya İdman Kompleksi də mühüm əhəmiyyəti ilə seçilir. Regionun ən böyük Olimpiya İdman komplekslərindən olan bu idman mərkəzində bir çox yarışların, təlim-məşq toplantılarının və digər tədbirlərin keçirilməsi üçün hər cür şərait vardır.

Dövlətimizin başçısı kompleksin rəmzi açılışını bildirən lenti kəsdi.
Kompleksin təməli 2008-ci il sentyabrın 19-da Prezident İlham Əliyevin iştirakı ilə qoyulmuşdur. Burada ümummilli lider Heydər Əliyevin və Prezident İlham Əliyevin Qaxa səfərlərindən və idmanın inkişafına göstərdikləri qayğıdan bəhs edən fotoguşələr yaradılmışdır.

Gənclər və idman naziri Azad Rəhimov bildirdi ki, son illərdə Qaxda idmanın müxtəlif növlərinin inkişafına xüsusi diqqətin göstərilməsi, xüsusilə də bu cür qurğunun istifadəyə verilməsi rayonda gənclərin idmana olan maraq və həvəslərini daha da artırmışdır.

Məlumat verildi ki, Qax Olimpiya İdman Kompleksinin ümumi tikinti sahəsi 9 min 220 kvadratmetr, tikintialtı sahəsi 6 min 498 kvadratmetr, yaşıllaşdırma sahəsi isə 8 min kvadratmetrdir. Layihəyə əsasən ümumi sahəsi 3 min 655 kvadratmetr olan universal idman zalı binasında tamaşaçı yerlərinin sayı 480-dir. Burada iki soyunub-geyinmə, məşqçi və digər otaqlar vardır. İnzibati binanın birinci mərtəbəsində gənclərin informasiya mərkəzi, məlumat-qeydiyyat bölməsi, 40 nəfərlik kafe, həkim və inventar, eləcə də texniki otaqlar fəaliyyət göstərir. İkinci mərtəbədə şahmat otağı, trenajor zalları, bilyard və stolüstü tennis otağı yaradılmışdır. Universal idman zalının döşəməsinə Danimarkanın "Junkers" firmasının istehsalı olan xüsusi döşəmə salınmışdır. Kompleksdə müasir standartlara uyğun 410 yerlik üzgüçülük hovuzu da yaradılmışdır. İkinci mərtəbədə, həmçinin idmançılar üçün istirahət otaqları vardır.

Diqqətə çatdırıldı ki, kompleksin ərazisində ikimərtəbəli beş kottec inşa edilmişdir. Müasir mebel və avadanlıqla təchiz olunan hər bir kottec binası dörd otaqdan ibarətdir.

Məlumat verildi ki, kompleksdə süni ot ürtüklü futbol stadionu da tikilmişdir. Eyni zamanda, stadionda üstüörtülü min tamaşaçı yerlik tribuna inşa edilmiş, məşqçi və hakim otaqları yaradılmış, müasir işıqlandırma sistemi quraşdırılmışdır. Bundan əlavə, kompleksin ərazisində basketbol, voleybol və tennis meydançaları vardır.

Olimpiya İdman Kompleksi ilə tanış olan Prezident İlham Əliyev rayon ictimaiyyətinin nümayəndələri ilə görüşdü.

Rayon idmançıları adından çıxış edən 2010-cu ildə Ukraynada keçirilən çoxmübarizəli döyüş növləri üzrə dünya çempionatının qalibi Ramil Məmmədli Azərbaycan idmanın inkişafına, o cümlədən Qax rayonuna göstərdiyi diqqət və qayğıya görə Prezident İlham Əliyevə dərin minnətdarlığını bildirdi.

Sonda xatirə şəkli çəkdirildi.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti