Azərbaycan, Bakı, 23 avqust /Trend, müxbir İ.İzzət/
Təəssüflər olsun ki, seçkilərin keçirilməsi və onların nəticələrinin dəyərləndirilməsi ilə bağlı qərəzli tendensiyalar müşahidə olunur. Bəzi xırda nöqsanları şişirdib elə təqdim edirlər ki, guya seçkilər antidemokratik yöndə aparılır, bir-iki fakta görə bütün seçkiləri şübhə altına almaq cəhdi olur. Trend-in məlumatına görə, bunu Mərkəzi Seçki Komissiyasının sədri Məzahir Pənahov Bakıda cümə günü "Seçki prosesinə qeyri-qanuni müdaxilənin yolverilməzliyi" mövzusunda keçirilən sessiyada çıxışı zamanı bildirib.
M.Pənahov qeyd edib ki, bu məsələlərdə müşahidəçilərin də üzərinə böyük məsuliyyət düşür: "Biz maksimum səviyyədə birlikdə çalışmalıyıq ki, hər hansı nöqsan baş verməsin".
Onun sözlərinə görə, MSK beynəlxalq qurumlarla əməkdaşlıq etmək üçün daim hazırdır, heç bir əməkdaşlıqdan imtina etmirik: "Hələ elə bir fakt olmayıb ki, bizə olunan təklifdən obyektiv və ya subyektiv səbəbdən imtina edək. Hətta bizə qarşı açıq şəkildə qərəzli olan tərəflərlə də əməkdaşlığa hazırıq. Kimsə fikirləşir ki, bu seçkilərə müdaxilədir, bu, tamamilə yalnış fikirdir. Seçkilərə müdaxilə başqa formada, əməkdaşlıq isə hər bir halda lazımdır".
MSK sədri bildirib ki, buna qədərki seçkilərdə seçki məntəqələrinin 10 faizində veb-kameralar quraşdırılmışdırsa, indi ölkə rəhbərliyinin şəxsi tapşırığı ilə artıq məntəqələrin 20 faizində veb-kameralar quraşdırılacaq: "Azərbaycanda keçirilən seçkilər ilk növbədə Azərbaycan xalqını razı salmaq üçün keçirilən mühüm kampaniyadır. Bu, dünyanın hər yerində belədir. Dünyanın heç bir yerində ideal seçkilər keçirilmir, əgər kimsə bunu iddia edirsə, düşünürəm ki, düzgün demir. Çünki seçkilər milyonların iştirak etdiyi prosesdir. Lakin biz çalışırıq ki, istənilən müraciəti adekvat araşdıraq".