...

Corc Fridman: ABŞ Azərbaycanın ən yaxşı müttəfiqidir

Siyasət Materials 2 Sentyabr 2013 12:01 (UTC +04:00)

Azərbaycan, Bakı, 2 sentyabr /Trend, müxbir M.Əliyev/

Azərbaycan dünyada mühüm bir ölkəyə çevrilib, xüsusən də enerji təhlükəsizliyinin təmin olunmasında əhəmiyyətli rola malikdir. Trend-in məlumatına görə, bu barədə "Stratfor" Analitik Mərkəzinin rəhbəri Corc Fridman Strateji Araşdırmalar Mərkəzinin təşkilatçılığı ilə keçirilən Beynəlxalq Münasibətlər üzrə Alimlər Assosiyasiyasının 2-ci "Dəyişən Dünyada Cənubi Qafqaz" adlı forumda çıxışı zamanı deyib.

Azərbaycan sənayenin inkişafına xüsusi diqqət yetirir və müasir texnologiyalar tətbiq edir. Azərbaycan ilə ABŞ arasında münasibətlərin inkişafı aydın təzahür edilir.

O vurğulayıb ki, ABŞ Azərbaycanın ən yaxşı müttəfiqidir: "Azərbaycan və ABŞ-ın birgə maraqları var. Bir sıra məsələlərdə çətinliklər olsa da, hər il maraqların daha da yaxınlaşdığının şahidi oluruq. Artıq bu iki ölkə arasında münasibətlər dönüş nöqtəsinə çatıb. Bu səbəddən də Azərbaycan tərəfi ABŞ-da səslənən bəzi fikirlərə dözümlülük nümayiş etdirməlidir, çünki ABŞ-dan Azərbaycanın həm xeyrinə, həm də əksinə fikirlər səslənə bilər".

Fridman bildirib ki, dünya dəyişir, lakin Azərbaycanın maraqları dəyişmir: "Bu milli maraqlar isə Azərbaycanın inkişafı, regionda və dünyada stabil inkişaf etmək, həmçinin fövqəldövlətdən asılı olmamaqdan ibarətdir. Bu da məhz Heydər Əliyevin vaxtında onun uzaqgörən siyasəti nəticəsində əldə olunub".

O, həmçinin qeyd edib ki, Azərbaycanın vahid Avropaya daxil olması mümkün deyil, çünki Avropanın özündə vahidlik qalmayıb: "Kim fikirləşir ki, əvvəlki Avropaya qayıdılacaq, bu xəyaldan başqa bir şey deyil. Avropa qalacaq, ancaq millətlər qitəsinə çevriləcək. Avropanın ölməsi isə Rusiyaya revanş imkanı yaradır. Bu o demək deyil ki, Rusiya güclüdür, sadəcə onun ətrafı zəifdir. Bu səbəbdən Rusiyaya şeytan kimi, Avropaya isə müqəddəs kimi baxmaqdan əl çəkmək lazımdır".

Fridman vurğulayıb ki, ABŞ-ın regionda maraqları var və onun mövcudluğunu yaxın gələcəkdə görəcəyik: "Bu baxımdan Azərbaycan-ABŞ münasibətlərinin inkişafı zəruridir. Bunun üçün Azərbaycanın imkanları və dostları var".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti