...

Azərbaycanda daha iki nəfərin prezidentliyə namizədliyi qeydə alındı (ƏLAVƏ OLUNUB)

Siyasət Materials 12 Sentyabr 2013 16:15 (UTC +04:00)
Mərkəzi Seçki Komissiyasının (MSK) bu gün keçirilən iclasında daha iki nəfərin prezidentliyə namizədliyi qeydə alınıb.
Azərbaycanda daha iki nəfərin prezidentliyə namizədliyi qeydə alındı (ƏLAVƏ OLUNUB)

Azərbaycan, Bakı, 12 sentyabr /Trend, müxbir E.Mehdiyev/

Mərkəzi Seçki Komissiyasının (MSK) bu gün keçirilən iclasında daha iki nəfərin prezidentliyə namizədliyi qeydə alınıb.

Trend-in məlumatına görə, MSK sədri Məzahir Pənahovun sədrliyi ilə keçirilən iclasda "Demokratik Qüvvələrin Milli Şurası" Seçicilərin Təşəbbüs Qrupu tərəfindən namizədliyi irəli sürülmüş Cəmil Həsənlinin və Ədalət Partiyasının sədri İlyas İsmayılovun prezidentliyə namizədliyi qeydə alınıb.

İclasda qeyd olunub ki, "Azadlıq" Partiyasının sədri Əhməd Orucun namizədliyinin qeydə alınması üçün MSK-ya təqdim olunan 43,413 imzadan 7,578-sı etibarsız hesab olunduğundan Əhməd Oruc üçün toplanan imzaların yoxlanması prosesi dayandırılıb və onun namizədliyinin qeydə alınması üçün hüquqi əsaslar aşkar olunmayıb.

Qeyd edək ki, namizədlər seçki sənədlərini avqustun 20-dən etibarən təqdim etməyə başlayıblar.

Xatırladaq ki, 22 nəfər prezidentliyə namizədliklərinin təsdiq olunması üçün seçki sənədlərini MSK-ya təqdim edib. Onlardan bir nəfərinin namizədliyinin təsdiq olunmasından imtina edilib, digər 21 nəfərin isə prezidentliyə namizədliyi təsdiq olunub.

14 namizəd namizədliklərinin qeydə alınması üçün imza vərəqələrini və digər zəruri sənədləri MSK-ya qaytarıb, digər 7 nəfər isə sənədləri MSK-ya qaytarmayıb. MSK-nın əvvəl keçirilən iclaslarında Yeni Azərbaycan Partiyasından (YAP) partiyanın sədri, Azərbaycan Prezidenti İlham Əliyev, Ümid Partiyası tərəfindən namizədliyi irəli sürülmüş partiyanın sədri İqbal Ağazadə, öz təşəbbüsü ilə namizədliyini irəli sürmüş Zahid Oruc, Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının sədri Qüdrət Həsənquliyev, Müasir Müsavat Partiyasının sədri Hafiz Hacıyev, Azərbaycan Sosial Demokrat Partiyasının sədri Araz Əlizadə və Milli Dirçəliş Hərəkatı Partiyasının sədri Fərəc Quliyevin prezidentliyə namizədliyi qeydə alınıb.

MSK prezident seçkilərinin oktyabrın 9-da keçirilməsi barədə qərar qəbul edib. Sonuncu prezident seçkiləri 2008-ci il oktyabrın 15-də keçirilib. Azərbaycanda hər beş ildən bir prezident seçkiləri keçirilir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti