Azərbaycan, Bakı, 12 sentyabr /Trend/
Azərbaycan Prezidenti İlham Əliyev Astara rayonunun sosial-iqtisadi inkişafının sürətləndirilməsinə dair əlavə tədbirlər haqqında sərəncam imzalayıb.
Sərəncamda qeyd olunur ki, Astara rayonunun sosial-iqtisadi inkişafının sürətləndirilməsi məqsədi ilə Astara Rayon İcra Hakimiyyətinə Azərbaycan Respublikasının 2013-cü il dövlət büdcəsində nəzərdə tutulmuş Azərbaycan Prezidentinin ehtiyat fondundan 2 milyon manat ayrılsın.
Dövlət başçısı, həmçinin Astara rayonunun Deqadi-Pəlikəş avtomobil yolunun tikintisi ilə bağlı tədbirlər haqqında sərəncam imzalayıb.
Sərəncamda deyilir ki, on iki min nəfər əhalinin yaşadığı 21 yaşayış məntəqəsini birləşdirən Deqadi-Pəlikəş avtomobil yolunun tikintisi məqsədi ilə Azərbaycan Respublikasının 2013-cü il dövlət büdcəsində nəzərdə tutulmuş Azərbaycan Prezidentinin ehtiyat fondundan Astara Rayon İcra Hakimiyyətinə ilkin olaraq 2 milyon manat ayrılsın.
Maliyyə Nazirliyinə bu sərəncamlarda nəzərdə tutulan məbləğdə maliyyələşməni müəyyən olunmuş qaydada təmin etmək tapşırılıb.