...

Böyük Britaniyada nəşr edilən nüfuzlu “Diplomat” jurnalında “İlham: Bir Prezidentin portreti” kitabı haqqında məqalə dərc edilib

Siyasət Materials 17 Sentyabr 2013 08:20 (UTC +04:00)

Azərbaycan, Bakı, 17 sentyabr / Trend /

Böyük Britaniyada nəşr edilən nüfuzlu "Diplomat" jurnalının sentyabr-oktyabr buraxılışında "İlham: Bir Prezidentin portreti" kitabı haqqında məqalə dərc edilmişdir.

AzərTAc xəbər verir ki, məqalədə kitab haqqında qısa məlumat verilmişdir. Qeyd olunmuşdur ki, görkəmli tədqiqatçı Qreym Hovard Vilson tərəflindən ingilis dilində yazılmış kitabda Azərbaycanın qədim tarixindən, XX əsrin əvvəllərində əldə etdiyi dövlət müstəqilliyi və onun süqutundan, sovetlər dövründəki ictimai-siyasi proseslərdən, keçmiş SSRİ-nin süqutu ərəfəsində təcavüzkar Ermənistanın ölkəmizə qarşı həyata keçirdiyi işğalçılıq siyasətinin nəticələrindən, ümummilli lider Heydər Əliyevin xilaskarlıq missiyasından, Prezident İlham Əliyevin rəhbərliyi ilə ölkəmizdə həyata keçirilən çoxşaxəli inkişafın göstəricilərindən bəhs edilir.

Xalqımızın tarixi dövlətçilik ənənələri barədə məlumat verən müəllif yazır ki, Azərbaycanın geosiyasi mövqeyi zaman-zaman böyük güclərin bu bölgədəki maraqlarının toqquşmasına səbəb olmuşdur. Nəticədə Azərbaycan xalqının maddi-mədəni irsinə qarşı təcavüz halları baş vermişdir. Tarixin bütün dövrlərində Azərbaycan xalqı müstəqil dövlət yaratmaq üçün bütün imkanlara malik olmuş, bu istiqamətdə dəyərli ənənələr yaratmışdır.

Kitabda XX əsrin əvvəllərində müsəlman Şərqində ilk demokratik respublika olan Azərbaycan Xalq Cümhuriyyətinin yaranması və süqutunun səbəbləri geniş təhlil edilir.
Müəllif yazır ki, Azərbaycan XX əsrin əvvəllərində qarşılaşdığı dövlətçilik böhranını həmin əsrin sonunda yenidən yaşamışdır. Hər iki halda Ermənistanın işğalçılıq siyasəti Azərbaycanın dövlətçiliyinə qarşı yönəlmiş təcavüz kimi tarixə düşmüşdür. 1993-cü ildə siyasi hakimiyyətə qayıdan Heydər Əliyev Azərbaycan xalqının tarixində xilaskarlıq obrazı yaratmışdır. Ümummilli Lider təcavüzkar Ermənistanı atəşkəsə məcbur etmiş, həyata keçirdiyi uzaqgörən neft strategiyası ilə region ölkələrinin kompleks inkişafı üçün yeni bir şərait yaratmışdır. Bu siyasətin Prezident İlham Əliyevin rəhbərliyi ilə uğurla davam etdirilməsi Azərbaycanın hərtərəfli inkişafını təmin etmişdir. Azərbaycan beynəlxalq aləmdəki mövqelərini möhkəmləndirmiş, bütün parametrləri ilə qüdrətlənmiş, xalqın rifahı əhəmiyyətli dərəcədə yaxşılaşmışdır.

Məqalədə həmçinin "Əsrin müqaviləsi"ndən bəhs edilmiş, müqavilənin iki ölkə arasındakı münasibətlərin inkişafında böyük rol oynadığı vurğulanmışdır.

Yüksək dizaynla və keyfiyyətli poliqrafiyada çap edilmiş 512 səhifəlik kitabda Azərbaycan tarixinin müxtəlif dövrlərini, ümummilli lider Heydər Əliyevin yarım əsrə yaxın dövrü əhatə edən siyasi fəaliyyətinin ayrı-ayrı məqamlarını, Prezident İlham Əliyevin siyasi fəaliyyətini əks etdirən nadir fotolar yerləşdirilmişdir.

Qeyd edək ki, iyunun 17-də Londonda xalqımızın Ümummilli Liderinin həyat və fəaliyyətindən bəhs edən "Heydər Əliyev və Azərbaycanın yüksəlişi, enişi və yenidən dirçəlişi" adlı kitabın Azərbaycanın Böyük Britaniyadakı səfirliyinin dəstəyi ilə keçirilmiş təqdimat mərasimində "İlham: Bir Prezidentin portreti" kitabı da tədbirə gələn qonaqlara təqdim olunmuşdur.

Xəbər lenti

Xəbər lenti