...

Politoloq: Rusiya liderinin Bakıya səfərindən sonra iki ölkə arasında münasibətlər daha da möhkəmlənib

Siyasət Materials 17 Sentyabr 2013 14:40 (UTC +04:00)
Rusiya Federasiyasının İctimai Palatası Azərbaycanda prezident seçkilərini müşahidə edəcək.
Politoloq: Rusiya liderinin Bakıya səfərindən sonra iki ölkə arasında münasibətlər daha da möhkəmlənib

Azərbaycan, Bakı, 17 sentyabr /Trend, müxbir M.Əliyev/

Rusiya Federasiyasının İctimai Palatası Azərbaycanda prezident seçkilərini müşahidə edəcək. Trend-in məlumatına görə, bu barədə Bakıda keçirilən mətbuat konfransında Rusiyanın İctimai Palatasından olan müşahidə missiyasının başçısı, Rusiya İctimai Palatasının rəhbəri, Dövlət Dumasının keçmiş deputatı, politoloq Serqey Markov bildirib.

Onun sözlərinə görə, misssiya yerli təşkilatlarla əməkdaşlıq edən kiçik qrupdan ibarət olacaq.
Öz çıxışında Markov, o cümlədən 2008-ci ildə Azərbaycanda keçirilən prezident seçkiləri zamanı ATƏT Demokratik Təsisatlar və İnsan Hüquqları Bürosunun (DTİHB) işini, xüsusilə seçkilərə dair təşkilatın təqdim etdiyi hesabatı tənqid edib: "Mən özüm ATƏT-in DTİHB çərçivəsində müşahidəçi olmuşam. Müşahidəni saxtalaşdırmaq deyil, seçkilərin saxtalaşdırılmamasına nəzarət etmək lazımdır".

Markovun fikrincə, Rusiyadan fərqli olaraq Azərbaycanda siyasətçilərin yeni nəsli hələ ki formalaşmayıb: "Azərbaycanın hazırkı müxalifəti Xalq Cəbhəsinin hansısa reinkarnasiyasıdır. Xalqda Xalq Cəbhəsi ilə bağlı elə də xoş xatirələr yoxdur".

Azərbaycanda prezident seçkiləri oktyabrın 9-da keçiriləcək.

Markov, o cümlədən Rusiya Prezidenti Vladimir Putinin Azərbaycana etdiyi səfərə də toxunub. Onun sözlərinə görə, Putinin Bakıya səfəri bağlanan sazişlər və şəxsi atmosfer baxımından uğurlu keçib: "Mənə elə gəlir ki, onlar arasında həmişə bərabərhüquqlu münasibətlər olub".

Rusiyanın Qəbələ RLS-dən çıxması barədə suala cavab verən Markov bildirib ki, bu RLS Rusiya üçün heç vaxt mühüm olmayıb: "Bunu artıq unutmaq lazımdır. Qəbələ RLS-nə Rusiyanın ehtiyacı yoxdur və Azərbaycan üçün həyatı əhəmiyyətə malik deyil. Qəbələ RLS bir növ Azərbaycan və Rusiya arasında dostluq simvolu idi. Putinin Azərbaycana səfərindən sonra bir sıra vacib sənədlər imzalanıb. "Rostneft"lə və hərbi-texniki əməkdaşlıq məsələləri üzrə sazişlər iki ölkə arasında dostluğun yeni, daha önəmli simvolları oldu".

Ermənistanın Gömrük İttifaqına qoşulması ilə bağlı sualı şərh edən politoloq bildirdi ki, bu Dağlıq Qarabağ münaqişəsinin nizamlanmasında Rusiyanın mövqeyinə heç cür təsir etməyəcək.

Makrovun sözlərinə görə, Rusiya bu məsələ üzrə aydın mövqeyə malikdir - iki ölkə özləri münaqişənin nizamlanması prosesinə yaxınlaşmalıdır, ATƏT-in Minsk qrupunun həmsədr ölkələri isə hər vasitə ilə mövqelərin yaxşılaşdırılmasına imkan yaratmalıdırlar.

O xüsusilə vurğulayıb ki, münaqişənin dinc yolla həll olunmasından başqa alternativi yoxdur.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti