...

Mübariz Qurbanlı: Azərbaycanda prezidentliyə namizədlərin debat zamanı gərginlik yaratması yolverilməzdir

Siyasət Materials 20 Sentyabr 2013 15:38 (UTC +04:00)
M.Qurbanlı qeyd edib ki, prezidentliyə namizəd teledebatda çıxış edərkən seçki proqramından, qarşıda duran vəzifələrdən danışmalıdır.
Mübariz Qurbanlı: Azərbaycanda prezidentliyə namizədlərin debat zamanı gərginlik yaratması yolverilməzdir

Azərbaycan, Bakı, 20 sentyabr / Trend müxbir M.Əliyev/

Azərbaycanda prezidentliyə namizədlərin debat zamanı gərginlik yaratması yolverilməzdir. Bu barədə Trend-ə Yeni Azərbaycan Partiyasının (YAP) icra katibinin müavini, Milli Məclisin deputatı Mübariz Qurbanlı deyib.

M.Qurbanlı qeyd edib ki, prezidentliyə namizəd teledebatda çıxış edərkən seçki proqramından, qarşıda duran vəzifələrdən danışmalıdır: "Lakin dünən keçirilən teledebatda bəzi namizədlər seçki proqramına və perspektiv düşüncələr əvəzinə dedi-qodu xarakterli məlumatlara istinad edərək ictimai rəyə təsir göstərmək istəyib, müxtəlif xarakterli şayiələri səsləndirərək onları həqiqət kimi göstərmək istəyirdi. Namizəd Cəmil Həsənli həm birinci, həm ikinci çıxışında prezidentliyə namizəd kimi müxtəlif məsələləri kənara buraxaraq zamanında xarici mətbuatda erməni lobbisinin əli ilə Azərbaycan əleyhinə yazılmış şayiələri təkrarlamaqla məşğul olurdu".

M.Qurbanlı bunun heç bir effekti olmadığını vurğulayıb və hesab edir ki, debatlarda səbrlilik və təmkinlilik nümayiş etdirilməlidir: "Debatlarda iki dəfə Yeni Azərbaycan Partiyasının sədr müavini, icra katibi Əli Əhmədov çox təmkinli və səriştəli debat forması nümayiş etdirib. Cəmil Həsənlinin təqaüdə çıxması zamanı sənədləri saxtalaşdırması ilə bağlı dediyi fikir tamamilə məntiqlidir. Amma bütövlükdə Əli Əhmədov çıxışında Azərbaycan Prezidenti İlham Əliyevin bir namizəd olaraq platformasından, gördüyü işlərdən bəhs edib. Milli Şura namizədi isə bir neçə gətirdiyi kağızı göstərərək müxtəlif məsələləri kənara buraxaraq heç bir əsası olmayan iddialarını sürdürüb".

YAP icra katibinin müavini debatların gərginlik həddinə gəlib çatmaması üçün şəxslərə yönələn deyil, onların söylədiyi tezislərə yönələn fikirləri ortaya qoymaq lazım olduğunu deyib: "Cəmil Həsənli müəyyən siyasi etik qaydalarından kənar tezislər səsləndirdi, bu da müəyyən qarşıdurmaya gətirib çıxardı. Bu qarşıdurmanın da olmaması üçün hər bir namizəd orada böyük təmkin və səbir nümayiş etdirməli və ayrılmış vaxtı yalnız seçki ilə əlaqədar məsələlərə həsr etməlidir".

M.Qurbanlı hesab edir ki, debatda müzakirələr ayrı-ayrı proqram əsasında olmalıdır, namizədlər müəyyənləşdirilmiş mövzular ətrafında, Dağlıq Qarabağ münaqişəsinin həlli müzakirəsi, xarici siyasət, sosial siyasət, daxili siyasət, milli təhlükəsizlik, müdafiə məsələləri barədə danışmalıdır: "Namizədlər konkret mövzu ətrafında müzakirə aparmalıdır. Dünyada da bu belədir. Biz bunun tərəfdarıyıq, Əli Əhmədov da çıxışını bu istiqamətdə qurub. Biz normal polemika tərəfdarıyıq. Qarşı tərəf isə normal polemika əvəzinə sistemsiz şəkildə bu prosesin gedişinə mənfi təsir göstərir".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti