...

Azərbaycan və Səudiyyə Ərəbistanı fövqəladə halların qarşısının alınması üzrə sazişin hazırlanması ilə bağlı müzakirələr aparıblar

Siyasət Materials 26 Sentyabr 2013 18:58 (UTC +04:00)
Azərbaycanın fövqəladə hallar naziri general-polkovnik Kəmaləddin Heydərov Səudiyyə Ərəbistanı Krallığının ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri Musaid bin İbrahim Əl-Suleymi ilə görüşüb.
Azərbaycan və Səudiyyə Ərəbistanı fövqəladə halların qarşısının alınması üzrə sazişin hazırlanması ilə bağlı müzakirələr aparıblar

Azərbaycan, Bakı, 26 sentyabr /Trend/

Azərbaycanın fövqəladə hallar naziri general-polkovnik Kəmaləddin Heydərov Səudiyyə Ərəbistanı Krallığının ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri Musaid bin İbrahim Əl-Suleymi ilə görüşüb.

Trend FHN-in rəsmi saytına istinadən məlumat verir ki, nazir, ilk növbədə, ölkəmizə yeni təyin olunmuş səfirə fəaliyyətində uğurlar arzulayaraq, səfirin ölkəmizdəki diplomatik fəaliyyəti dövründə Azərbaycan Fövqəladə Hallar Nazirliyi ilə Səudiyyə Ərəbistanı Krallığının müvafiq qurumları arasında ikitərəfli münasibətlərin uğurla inkişaf edəcəyinə ümidvar olduğunu bildirib.

Görüş zamanı nazir Fövqəladə Hallar Nazirliyi və onun qurumları, eyni zamanda, nazirlik tərəfindən həyata keçirilən layihələr barədə ətraflı məlumat verib. Görüşdə, həmçinin, FHN və Səudiyyə Ərəbistanı Krallığının müvafiq qurumları arasında fövqəladə halların qarşısının alınması və nəticələrinin aradan qaldırılması sahəsində əməkdaşlıq haqqında sazişin hazırlanması ilə bağlı ilkin müzakirələr aparılıb.

Səfir də öz növbəsində, səmimi qəbula görə təşəkkürünü bildirib və gələcəkdə ölkələrimizin aidiyyəti qurumları arasında əməkdaşlığın daha da dərinləşməsi üçün birgə səylərin davam etdiriləcəyinə əminliyini bildirib.

Görüşdə qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında geniş fikir mübadiləsi aparılıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti