...

Böyük yazıçı, alim və pedaqoq Mir Cəlal Paşayevin əbədiyyətə qovuşduğu gündən 35 il ötür

Siyasət Materials 28 Sentyabr 2013 20:15 (UTC +04:00)
Sentyabrın 28-i XX əsr Azərbaycan elminin, ədəbiyyatının, təhsilinin inkişafında misilsiz xidmətləri olan xeyirxah insan, görkəmli yazıçı, böyük alim və pedaqoq Mir Cəlal Paşayevin xatirə günüdür.
Böyük yazıçı, alim və pedaqoq Mir Cəlal Paşayevin əbədiyyətə qovuşduğu gündən 35 il ötür

Trend-i buradan izləyin

Azərbaycan, Bakı, 28 sentyabr /Trend/

Sentyabrın 28-i XX əsr Azərbaycan elminin, ədəbiyyatının, təhsilinin inkişafında misilsiz xidmətləri olan xeyirxah insan, görkəmli yazıçı, böyük alim və pedaqoq Mir Cəlal Paşayevin xatirə günüdür.

AzərTAc-ın verdiyi məlumata görə, bu müdrik insan, görkəmli yazıçı və ədəbiyyatşünas alim 35 il bundan əvvəl - 1978-ci il sentyabrın 28-də dünyasını dəyişib.

Azərbaycan ədəbi-bədii fikrində və elmində özünəməxsus yeri olan, böyük şəxsiyyət kimi tarixləşmiş Mir Cəlal Paşayevin əziz xatirəsi mənsub olduğu xalqın yaddaşında əbədiyaşarlıq qazanıb. Hər il sentyabrın 28-də onu sevənlər bu nurlu insanı yenidən "kəşf" edir və onunla bağlı ən şirin, unudulmaz xatirələrini bölüşürlər.

Mir Cəlal Paşayev 1908-ci il aprelin 26-da Cənubi Azərbaycanın Ərdəbil kəndində yoxsul kəndli ailəsində dünyaya göz açıb. Kiçik yaşlarında atası Gəncəyə köçdüyündən uşaqlığını burada keçirib. 1918-ci ildə atasının vəfat etməsi səbəbindən o, böyük qardaşının himayəsində yaşayıb.

Əzablı ömür qisməti dünyaya gəldiyi ilk illərdən onu izləməyə başlasa da, Ulu Yaradanın mərhəməti sayəsində Mir Cəlal Paşayev çox çətinliklərə sinə gərərək, öz yolu ilə inadla, inamla irəliləyə bilib. O, 1918-1919-cu illərdə Xeyriyyə Cəmiyyətinin köməyi ilə ibtidai təhsil almış və Azərbaycanda sovet hakimiyyəti qurulduqdan sonra Gəncə Darülmüəlliminə daxil olub. Əvvəlcə tələbə təşkilatının, sonra isə şəhər tələbə həmkarlar təşkilatının sədri seçilib.

Mir Cəlal Paşayev Kazan Şərq Pedaqoji İnstitutunun ədəbiyyat şöbəsində, Azərbaycan Dövlət Elmi-Tədqiqat İnstitutunun aspiranturasında təhsilini davam etdirməklə yanaşı, müəllimlik etmiş və mənsub olduğu xalqın övladlarına ölkəmizin tarixini, mədəniyyətini, zəngin keçmişini mənimsədib. Bu baxımdan Mir Cəlal Paşayevin XX əsr Azərbaycan elminin, ədəbiyyatının, təhsilinin inkişafındakı xidmətləri misilsizdir.

1928-ci ildə ilk qələm təcrübəsi ilə ədəbiyyat aləminə gələn, sonralar sözün gücünə güvənib, onun böyüklüyünə baş əyən sənətkarın könüllərə yanğı salmış "Bir gəncin manifesti" əsəri, zəmanənin güzgüsü olan hekayələri klassik bədii nümunələr kimi müəllifinə ədəbiyyat tariximizin səhifələrində əbədiyaşarlıq qazandırıb. Görkəmli tədqiqatçının yuxusuz gecələrinin, gərgin zəhmətinin bəhrəsi olan "Füzuli sənətkarlığı", "XX əsr Azərbaycan ədəbiyyatı", "Azərbaycanda ədəbi məktəblər (1905-1917)", "Ədəbiyyatşünaslığın əsasları" adlı fundamental əsərləri ədəbiyyatşünaslıq elminin qızıl nüsxələrindəndir.

Azərbaycan ali məktəblərinin beşiyi sayılan Bakı Dövlət Universitetinin sevimli müəllimi, nüfuzlu professoru kimi xatirələrdə daim yaşayacaq Mir Cəlal Paşayev həqiqət, düzlük, səmimiyyət aşiqi, ailəsini, övladlarını sevən, qoruyan şəxsiyyət olub. Onun bu kəlamı indi də dillər əzbəridir: "Həyatımda yaratdığım ən böyük əsər ailəmdir".

Ötən əsrin 20-30-cu illərində ədəbi aləmdə əvvəlcə şeir, sonra isə oçerk və hekayələri ilə görünən Mir Cəlal, az sonra istedadlı və orijinal yaradıcılıq üslubu olan yazıçı kimi tanınıb. Əlliillik yaradıcılıq fəaliyyəti dövründə o, görkəmli nasir kimi Azərbaycan ədəbiyyatı tarixində öz layiqli və şərəfli yerini tutub. Mübaliğəsiz demək olar ki, təkcə "Bir gəncin manifesti" əsərinə görə Mir Cəlal Azərbaycanın klassik yazıçıları ilə bir sırada dayanmaq haqqını qazanıb. Bu əsər çapdan çıxanda onun heç 30 yaşı yox idi. 1928-ci ildə mətbuatda ilk şeirləri ("Dənizin cinayəti", "Ananın vəsiyyəti", "Müxbir") çap olunub. Lakin o, bundan sonra, daha doğrusu, 1930-cu ildən etibarən hekayələr yazıb. O dövrün "Şərq qadını", "Gənc işçi", "İnqilab və mədəniyyət", "Ədəbiyyat qəzeti" kimi nüfuzlu nəşrlərində "Doktor Cinayətov", "İfşa", "Mərkəz adamı", "Naxələf", "Bostan oğrusu", "Qüdrət nümayişi", "İstifadə", "Dəzgah qızı", "Heyrət"... hekayələrini çap etdirib. Yazıçının 1932-ci ildə "Sağlam yollarda", 1935-ci ildə "Boy" adlı ilk oçerklər və novellalar kitabları çap olunub.

Mir Cəlalın ilk irihəcmli əsəri - "Dirilən adam" romanı 1935-ci ildə ayrıca kitab kimi nəşr edilib. Hələ yarım əsr bundan əvvəl akademik Məmməd Arif yazıb: "Mir Cəlal "Dirilən adam"la diqqətli bir realist yazıçı olduğunu göstərmişdir".

İlk dəfə 1937-39-cu illərdə hissə-hissə "Revolyusiya və kultura" jurnalında nəşr olunan "Bir gəncin manifesti" əsəri isə yazıçının həyatında böyük bir dönüş yaradıb, onun ədəbi zirvəyə aparan yoluna cığır açıb və müəllifə böyük oxucu auditoriyası qazandırıb. 1940-cı ildə "Uşaqgəncnəşr"də kitab halında kütləvi tirajla buraxılan bu əsər oxucu tələbatına görə sonrakı illərdə də dəfələrlə təkrar nəşr edilib. "Bir gəncin manifesti" bu gün də qəlbləri riqqətə gətirir. Doqquz dəfə müxtəlif illərdə ayrıca kitab halında nəşr olunmuş "Bir gəncin manifesti" Azərbaycanın hüdudlarından çox-çox uzaqlarda da sevilib.

Görkəmli ədibin nəşr olunmuş altı romanı oxuculara məlumdur. "Dirilən adam", "Bir gəncin manifesti", "Yolumuz hayanadır" romanlarında keçmiş, "Açıq kitab", "Yaşıdlarım", "Təzə şəhər" romanlarında isə müasir həyat lövhələrinin bədii təsviri ustalıqla qələmə alınıb. Onun "İnsanlıq fəlsəfəsi" (1961) kitabında toplanmış hekayələri böyük tərbiyəvi-əxlaqi əhəmiyyətə malikdir. Ədibin "İnsanlıq fəlsəfəsi", "Subaylıq fəlsəfəsi", "Təzə toyun nəzakət qaydaları", "Vicdan mühakiməsi", "Vicdan əzabı", "Hesab dostları", "Təsadüf, ya zərurət", "Qocaların uşaq söhbəti" və digər hekayələrində real həyat lövhələri, fəlsəfi düşüncələr əks olunub.

Mir Cəlalın bədii yaradıcılıq nümunələri dəfələrlə nəşr edilib: "Seçilmiş əsərləri" (2 cilddə, 1956-57), "Seçilmiş əsərləri" (4 cilddə, 1967-68), "Seçilmiş əsərləri" (2 cilddə, 1986-87), hekayə və povestlərdən ibarət "Şəfəqdən qalxanlar" (1972), "Dağlar dilə gəldi" (1978), "Ləyaqət", hekayələrdən ibarət "Bostan oğrusu" (1937), "Gözün aydın" (1939), "Vətən" (1944), "Həyat hekayələri" (1945), "Sadə hekayələr" (1955), "Xatirə hekayələri" (1962), "Gül bəsləyən qız" (1965), "Silah qardaşları" (1974) və s. Ümumiyyətlə, indiyədək yazıçının 70-dən çox kitabı nəşr olunub.

Elmi fəaliyyətini davam etdirən gənc Mir Cəlal Paşayev 1940-cı ildə "Füzulinin poetik xüsusiyyətləri" əsərinə görə filologiya elmləri namizədi, 1947-ci ildə isə "Azərbaycanda ədəbi məktəblər" əsərinə görə filologiya elmləri doktoru alimlik dərəcələrini alıb. Füzuli poeziyasının qüdrətinə heyran olan, ümumiyyətlə, klassik ədəbiyyata qəlbən bağlı Mir Cəlal Paşayev 1958-ci ildə bu mövzuya yenidən müraciət edərək və əvvəlki əsərini təkmilləşdirərək "Füzuli sənətkarlığı" adlı monoqrafiyasını nəşr etdirib. Professor Qara Namazov deyir ki, Mir Cəlalın "Füzuli sənətkarlığı" monoqrafiyası Füzuli ədəbi irsini öyrənmək, mənimsəmək və dərk etmək üçün elmi açardır. Əsər 1994-cü ildə təkrar nəşr olunub.

"Azərbaycanda ədəbi məktəblər (1905-1917)" əsərində isə Mir Cəlal Paşayev XX əsrin əvvəllərində inqilabi-demokratik meyillərlə əlaqədar baş verən ictimai-siyasi hadisələr kontekstində Azərbaycanda realizm, romantizm ədəbi məktəbləri, maarifçi-didaktik yazıçılar və xırda məişət dramları haqqında müfəssəl tədqiqatlar aparıb, əhatəli elmi nəticələr əldə edib.

Mir Cəlal Paşayevin tanınmış tədqiqatçı Firudin Hüseynovla birgə yazdığı "XX əsr Azərbaycan ədəbiyyatı" əsəri artıq 40 ilə yaxındır ki, ali məktəblərin dərs vəsaitidir.

Bu gün təkcə Azərbaycanda deyil, onun hüdudlarından kənarda da bu böyük ədibin həyat və yaradıcılığı geniş şəkildə öyrənilir və əsərləri nəşr olunaraq maraqla oxunur.

"UNESCO-nun 2008-2009-cu illərdə görkəmli şəxsiyyətlərin və əlamətdar hadisələrin qeyd edilməsi proqramına Azərbaycanla bağlı daxil olmuş yubileylərin keçirilməsi haqqında" Azərbaycan Prezidentinin 2008-ci il 31 yanvar tarixli Sərəncamına əsasən, yazıçı Mir Cəlal Paşayevin yubiley mərasimi təntənə ilə qeyd edilib. Parisdə, UNESCO-nun iqamətgahında XX əsr Azərbaycan ədəbiyyatının görkəmli nümayəndəsi, alim, pedaqoq Mir Cəlal Paşayevin 100 illiyinə həsr olunmuş mərasim keçirilib.

XX əsr Azərbaycan ədəbiyyatında, elmində müstəsna xidmətlər göstərən Mir Cəlal Paşayevin 100 illiyinin UNESCO səviyyəsində qeyd olunması, ilk növbədə, Azərbaycan elminə, mədəniyyətinə və ədəbiyyatına dünya miqyasında verilən önəmin və dəyərin təzahürüdür. 2008-2009-cu illərdə UNESCO-nun dünya miqyaslı hadisələrin və şəxsiyyətlərin yubileylərinin qeyd olunması ilə bağlı qərarına Mir Cəlal Paşayevin də adının daxil edilməsi, həm də Azərbaycan-UNESCO əməkdaşlığının inkişafının bariz nümunəsidir.

Bəli, bu gün böyük alim, istedadlı yazıçı və görkəmli pedaqoq Mir Cəlal Paşayevin bizdən cismən ayrılaraq əbədiyyətə qovuşmasından 35 il keçir. İllər ötdükcə mənalı həyatını Azərbaycan xalqının maariflənməsinə, elmimizin və ədəbiyyatımızın inkişafına sərf etmiş bu ensiklopedik biliyə malik insanın təkcə elmi irsi tədqiq edilmir, onun həm də xeyirxahlığı, ümumbəşəri ideyaları heyranlıqla qarşılanır və əsl örnək kimi sevilə-sevilə qəlblərdə özünə ucalıq, əlçatmazlıq heykəli qurur. Bu böyük şəxsiyyətin adı, xeyirxah əməlləri bundan sonra qədirbilən Azərbaycan xalqının yaddaşında əbədi yaşayacaq.

Xəbər lenti

Xəbər lenti