...

Azərbaycanın Ukraynadakı səfirliyində seçici aktivliyi qeydə alınıb (FOTO)

Siyasət Materials 9 Oktyabr 2013 17:44 (UTC +04:00)
Azərbaycanın Ukraynadakı səfirliyində hər bir Azərbaycan vətəndaşına öz seçimlərini etmələri üçün geniş imkanlar yaradılıb. Seçkilərin azad və demokratik keçirilməsi üçün möhürlənmiş şəffaf qutular yerli və xarici müşahidəçilərin iştirakı ilə seçicilərin ixtiyarına verilib.
Azərbaycanın Ukraynadakı səfirliyində seçici aktivliyi qeydə alınıb (FOTO)

Azərbaycan, Bakı, 9 oktyabr /Trend/

Azərbaycanın Ukraynadakı səfirliyində hər bir Azərbaycan vətəndaşına öz seçimlərini etmələri üçün geniş imkanlar yaradılıb. Seçkilərin azad və demokratik keçirilməsi üçün möhürlənmiş şəffaf qutular yerli və xarici müşahidəçilərin iştirakı ilə seçicilərin ixtiyarına verilib.

Trend-in məlumatına görə, Ukraynanın Sumı, Donetsk, Kiyev, Xarkov və bir sıra şəhərlərində yaşayan Azərbaycan vətəndaşları, gənclər və tələbələr isə xüsusi avtobuslarla Azərbaycanın Ukraynadakı səfirliyinə gələrək sərbəst və azad qaydada öz seçimlərini ediblər.

Səsvermədə seçicilərlə görüşən Azərbaycanın Ukraynadakı səfiri Eynulla Mədətli seçkilərdə fəallıq göstərən soydaşlarımıza, xüsusən də gənclərə minnətdarlığını bildirib. Seçkilərlə bağlı Azərbaycan səfirliyində hər cür şərait yaradıldığını diqqətə çatdıran diplomat bu seçkilərdə xalqımızın istək və arzusunun reallaşacağına əminliyini ifadə edib.

Səsvermədə iştirak edən Azərbaycan Ukrayna Dostluq və Xeyriyyə Fondunun prezidenti İlqar Abbasov, "İşıq" dini cəmiyyətinin sədri Əbülfəz Qasımov, seçicilərdən Bədəl Priyev və digər soydaşlarımız seçkilərin dünyanın müxtəlif ölkələrində olduğu kimi, Ukraynada da yüksək səviyyədə təşkil olunduğunu, azad və sərbəst şəkildə hər bir kəsin öz istədiyi namizədə səs verdiyini vurğulayıblar.

Ukraynanın müxtəlif vilayət və şəhərlərindən yüzlərlə gəncin Kiyev şəhərinə gələrək seçkilərdə xüsusi fəallıq nümayiş etdirdiklərini bildirən Ukrayna Azərbaycanlı Gənclər Birliyinin sədri Anar Tahirov bu mütəşəkkilliyi dünya Azərbaycan gəncliyinin qüdrətli dövlətimizə sədaqətinin, ölkəmizi və xalqımızı xoş və inamlı gələcəyə aparan cənab İlham Əliyevə olan sonsuz etibarın məntiqi nəticəsi kimi dəyərləndirib.

Yerli və xarici müşahidəçilərin iştirakı ilə keçirilən səsvermə prosesi Ukraynanın KİV-in də diqqət mərkəzində olub. Belə ki, gün ərzində Azərbaycanda keçirilən prezident seçkiləri haqqında dəqiq və ətraflı məlumat verən Ukraynanın bir sıra televiziya kanalları Azərbaycanda keçirilən budəfəki seçkiləri də demokratiyanın bariz nümunəsi kimi qiymətləndiriblər.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti