...

ABŞ Konqresinin üzvləri İlham Əliyevi təbrik ediblər

Siyasət Materials 10 Oktyabr 2013 16:17 (UTC +04:00)
ABŞ Konqresinin üzvləri, ABŞ-Azərbaycan dostluq qrupunun həmsədrləri Bill Şuster və Stiven Kohen Azərbaycanın dövlət başçısı İlham Əliyevə yenidən Prezident seçilməsi münasibətilə təbrik məktubu göndəriblər.
ABŞ Konqresinin üzvləri İlham Əliyevi təbrik ediblər

Azərbaycan, Bakı, 10 oktyabr /Trend/

ABŞ Konqresinin üzvləri, ABŞ-Azərbaycan dostluq qrupunun həmsədrləri Bill Şuster və Stiven Kohen Azərbaycanın dövlət başçısı İlham Əliyevə yenidən Prezident seçilməsi münasibətilə təbrik məktubu göndəriblər.

Konqres üzvlərinin məktubunda deyilir: "Azərbaycanda vətəndaş cəmiyyəti institutlarının gücləndirilməsində növbəti mühüm bir mərhələdir. Demokratik prosesin mühüm hissəsi olan ümummilli seçkilər vətəndaşların seçki hüququnu təmin edir. ABŞ və Azərbaycan ortaq strateji maraqlara əsaslanan güclü tərəfdaşlıq əlaqələrinə malikdirlər. Bizim ölkələr ekstremizmin yayılmasının qarşısının alınması, dünyada tolerantlığın və tərəqqinin inkişafı uğrunda birgə fəaliyyət göstərir".

ABŞ Konqresinin üzvləri Azərbaycanın ABŞ-ın Əfqanıstan, İraq və Kosovodakı sülhyaratma əməliyyatlarına mühüm dəstəyini yüksək qiymətləndirdiklərini qeyd ediblər:

"Bizim Avropanın enerji təhlükəsizliyinin təmin edilməsi istiqamətində birgə səylərimiz Trans-Adriatik boru kəməri layihəsinin (TAP) "Cənub" qaz dəhlizinin Avropaya qaz nəqli marşrutu kimi seçilməsi ilə bağlı bu yaxınlarda verilmiş qərardan faydalanmaqdadır. ABŞ və bizim avropalı müttəfiqlərimiz bu cür enerji məsələlərində Azərbaycanın liderliyini tanıyır".

Amerikalı konresmenlər ABŞ və Azərbaycanı müxtəliflilik, tolerantlıq, azlıqlara və gender hüquqlarına hörmət kimi bir çox məsələlərdə ortaq dəyərlərin birləşdirdiyini qeyd edirlər:

"Biz hər bir demokratik sistemin əsası olan bu fundamental dəyərlərin Azərbaycan cəmiyyətində dərin köklərə malik olduğunu təsdiqləyirik. Cənab Prezident, Azərbaycanın dostları olaraq, Sizə və xalqınıza ölkənizi inkişaf etdirmək səylərinizdə uğurlar arzulayırıq".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti